"Meydana çıxandan sonra içimdə qol vuracağımla bağlı hiss yarandı"
mediasport.az "Səbail"in futbolçuları - Turan Manafov və Ruslan Hacıyevin qələbə qazandıqları 9-cu turun "Sumqayıt"la oyunundan (1:0) sonra Premyer Liqada birinci dövrənin yekunu və qarşıda “Turan Tovuz”la keçirəcəkləri matç haqqında açıqlamalarını təqdim edir.
Turan Manafov: “Bu oyunadək komandada bir az ruh düşkünlüyü var idi. Neçə turdur qələbəyə həsrət idik. Lakin “Sumqayıt”a qarşı qazandığımız qalibiyyət bunu dəyişdi. Hazırda komandada əhval-ruhiyyə çox yüksəkdir. Bu qələbə özümüzə olan inamımızın artması baxımından vacib idi. “Sumayıt” üzərindəki qalibiyyət komandamıza “qələbə ruhu”nu geri qaytardı. Qol vurmağımla bağlı bunu deyə bilərəm ki, qələbədə pay sahibi olmaq mənim üçün çox sevindiricidir. Matçdan əvvəl qol vuracağımı gözləmirdim. Amma nədənsə meydana çıxandan etibarən qol vuracağımla bağlı içimdə bir hiss yarandı. Qarşıda isə bizi “Turan Tovuz”la ağır oyun gözləyir. Tovuz səfərinə ciddi hazırlaşırıq. Uğuru davam etdirməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu qarşılaşmada da məqsədimiz qalibiyyət olacaq. Səfərdən yaxşı nəticə ilə qayıtmaq və xal ehtiyatımızı artırmaq istəyirik”.
Ruslan Hacıyev: “Geridə qalan 9 tur ərzində komandama 3 asisst və 1 qolla köməklik göstərə bildim. Amma bu rəqəmlər daha da yaxşı ola bilərdi. Hazırda formamdan razıyam. Bundan artığını da bacarmağa qadirəm. Kiçik zədələrim olmağına baxmayaraq, bunun üçün var gücümlə çalışıram. “Sumqayıt” üzərindəki qələbə isə bütün komandaya olduğu kimi, mənə də yüksək əhval-ruhiyyə verdi. Həmin oyunda komandamıza qalibiyyəti gətirən qolun ötürməsini verdiyim üçün də xüsusi sevincliyəm. Komandamızda vəziyyət yaxşıdır. Hər birimiz məşqlərdə maksimum əzmkarlıq göstərərək var gücümüzlə “Turan Tovuz”la oyuna hazırlaşırıq. Yeri gəlmişkən, bu bizim Premyer Liqa tarxində Tovuza ilk səfərimiz olacaq. Bu əlamətdar qarşılaşmadan qələbə ilə qayıtmağı istəyirik. Düzdür, ilk dövrədə istədiyimiz nəticələri qazana bilmədik. Buna baxmayaraq, hər oyunda olduğu kimi “Turan Tovuz”la oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Komanda yoldaşlarımın da, mənim də əsas məqsədimiz və istəyimiz səfərdən qalibiyyətlə ayrılaraq xal ehtiyatımızı artırmaqdır”.