"Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm"

"Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm"

"İlin məşqçisi" seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

mediasport.az 50 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir.

- İlin məşqçisi sevilmək mənim üçün çox xoş oldu. Verdikləri dəyərə görə hər kəsə təşəkkür edirəm. Tədbir ildən-ilə daha maraqlı keçir. Çox xoşdur bir il sonra sizlərin qarşısında olmaq, bu adı qoruyub-saxlamaq. Burada öz fikirlərimə qulaq asıram, minimum titulu qorumaq üçün bir il heç də az əziyyət çəkmədik. Bunun bəhrəsini gördüm, ilin məşqçisi seçildim. Buradakı klipi görəndə, bu ad mənə veriləndə, daha da məsuliyyətli və istəkli oluram. Çalışıram ki, azarkeşlərin, sizlərin inamını qoruyub-saxlayım. Buna nail ola bilirəmsə, ondan dəyərli heç nə ola bilməz. Azərbaycan futbolunun yükünü çiynimdə daşıdığımı düşünmürəm. Çox çalışan məşqçilər və idarəçilərimiz var. Hansı ki, futbolumuzun daha yaxşı səviyyəyə çatmasını istəyirlər. İnanıram ki, məndən də daha yaxşıları olacaq. Öz üzərimə düşəni etməyə çalışıram. İnanırlarsa, bunu layiqincə yerinə yetirməyə çalışıram. Sizin fikirlərinizə çox diqqətlə qulaq asıram. Bayaq dediniz, Qurban müəllim və başqaları. Fikirlərinizə görə təşəkkür edirəm. Amma bizim çox yaxşı, bacarıqlı məşqçilərimiz var. Onlar da futbolumuza fayda verəcək. Hər birinizə öz işinizdə uğurlar arzu edirəm".


Bu il idman mediasının fəaliyyətini necə dəyərləndirirsiz?

- Bəlkə də bu il onlar üçün ən ağır illərdən biri oldu. Bizim avrokuboklardakı bütün oyunlarımız gərgin və maraqlı keçdi. Əvvəl müsahibəmdə də bildirmişdim ki, azarkeş baxımından ən maraqlı il oldu. Azərbaycan futbolunun sevilməsi, gələcək inkişafı üçün çox faydalı il yaşadıq. Futbolçular, məşqçilər kimi, media nümayəndələri də gərgin idilər. Bunu mətbuat konfransınlarda görürdüm. Oyundan əvvəl həyəcanlı şəkildə suallar verirdiniz. Bizim yaşadığımız hissləri sizdə də gördüm. Hər birinizə təşəkkür edirəm. Bu il böyük futbolun dadını daha çox hiss etdik.


2022-ci ildə təəssüfləndiyiniz an hansı oldu?

- İndi deməyim bir qədər düzgün çıxmaz. Sonradan fikir bildirmirəm. Təəssüfləndiyim an həmin dəqiqədə, saniyədə olur. Bu gün əldə etdiklərimizə görə şükür edirəm. Bəlkə də düşünə bilərik ki, daha böyük turnirlərdə iştirak edə bilərdik. Amma hər bir halda futbolçularımdan razı qaldım. 


"Qarabağ" azarkeşlərinə nə vəd verə bilərsiz?

- Mənim onlara heç bir vəd verməyimə ehtiyac yoxdur. Çünki biz bir-birimizə inanırıq, güvənirik. Mən onların öz komandalarına necə sadiq olduqlarını bilirəm, onlar da mənim necə sadiq olduğumu bilirlər. Nə qədər ki, "Qarabağ"dayam, məsuliyyətlə, istəklə, sevgi ilə komanda üçün bütün gücümü sərf edəcəyəm. 


Son günlərdə Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi deyilir. Bununla bağlı "Qarabağ"a rəsmi təklif gəlib?

- Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə, belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur. 


Sizi hansısa əcnəbi klubun baş məşqçisi kimi görmək ehtimalı var?

- Hazırda yoxdur. Çox istərdim ki, "Qarabağ"a sadiq olum. Mənim daha məsuliyyətli olmağım bu kluba gəlməyimin sayəsində olub. Ona görə də buranı asanlıqla tərk etmək fikrində deyiləm. Həyatdır, qarşıda hər şey ola bilər. Əgər nə vaxtsa böyük bir kluba getsəm, "Qarabağ"ı daha üstün tutacağam.


Əgər bir baş məşqçi 17 oyunda 11 qol vuran futbolçunu (oğlu Musa Qurbanlı nəzərdə tutulur-red.) start heyətdə oynatmırsa, siz həmin məşqçiyə nə deyərdiz?

- Həmin baş məşqçinin öz oğlu olsaydı, heç nə deməzdim (gülür).


"Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının qalibi olmağı istəyir. Siz bu barədə nə deyə bilərsiz?

- İstəyir dedikdə məncə, arzu edir. Bu, hamımızın arzusudur, istəyidir. Bəzən hər istədiyimizi əldə edə bilmirik. Bu, Tahir Gözəlin komandaya inamından irəli gəlir. Biz də çox istəyirik ki, daha da irəli gedək. Ölkədə futbolun inkişafı üçün böyük titulların çox köməyi olacaq. Buna çalışacağıq.