AFFA-da DƏRƏBƏYLİK: Uğursuz məşqçilərin əsas millidə nə işi var?
Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunacaq “FİFA series-Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi altında çıxacaq.
Bu barədə AFFA məlumat yayıb.
Qeyd edilib ki, Arif Əsədovun korpusunda İlham Yadullayev (U-16), Füzuli Məmmədov (U-17) və qapıçılar üzrə məşqçi Kamran Ağayev təmsil olunacaqlar.
Komandamız martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Burada diqqətçəkən sual yaranır - niyə məhz Füzuli Məmmədovla İlham Yadullayev?
İllik hesabatda gördüyü işlər rəhbərlik tərəfindən müsbət rəy almayan hər iki mütəxəssis necə olur ki, əsas milli komandanın məşqçilər korpusunda yer alır?
Əldə etdiyimiz maraqlı informasiyanı yazaq, siz də öyrənmiş olun. Bu iki mütəxəssisə federasiyada "yaşıl işıq" yandıran şəxs AFFA-nn texniki direktoru Cahangir Həsənzadədir.
İstər Füzuli Məmmədov, istərsə də İlham Yadullayevin baş məşqçisi olduğu milli komandalarımızın AÇ-nin son seçmə mərhələlərində fiaskoya uğramalarına baxmayaraq, əsas millinin məşqçilər korpusuna cəlb edilmələri sırf Həsənzadənin vasitəsilə reallaşıb.
Yoxsa uzağa getməyək, ötən ay Belarusda keçirilən beynəlxalq turnirdə Rusiya, Belarus, Özbəkistan və hətta Tacikistana məğlub olaraq 8-ci yeri tutan Yadullayev A milli komandanın məşqçilər korpusunda nə gəzir?
Bəlkə UEFA-nın təşkil etdiyi İnkişaf Turnirində biabırçı səhvlərə yol verərək yarışın reqlamentini pozmaqla AFFA-nı da ziyana salan Məmmədovun qeyri-adi istedadı var, xəbərimiz yoxdur?
Qeyd etdiyimiz kimi, bu mütəxəssislərə "krışa"lıq edən məhz federasiyada vəzifə tutan Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadədir.
Arif Əsədovun müvəqqəti rəhbərlik edəcəyi millinin məşqçilər korpusunda yer almalı məşqçi, məsələn, Aqil Nəbiyev olmalı deyildimi?
Burada da uzağa getmirik, 3 ay əvvəl - noyabrda Lüksemburqda təşkil edilən Avropa çempionatının seçmə qrup mərhələsinə heyətin yarıdan çoxu olmadan yollanan (pasport və hərbi xidmət səbəbindən) və Niderland və Bosniya və Herseqovina yığmaları ilə başabaş mübarizə apararaq minimal hesablarla məğlub olan (hər ikisinə 1:2), meydan sahibləri ilə bərabərə (0:0) qalan mütəxəssis var ikən, özbəklərə, taciklərə boyun əyən İlham Yadullayevlə UEFA-nın qaydalarından xəbərsiz Füzuli Məmmədovun A millidə yer almasına başqa nə ad vermək olar?
Xüsusi vurğulayaq ki, AFFA-nın nizamnaməsində aşağı yaş qrupları üzrə yığmaların baş məşqçilərinin zaman-zaman A millinin düşərgəsində yer almasına dair müddəa var və burada həmin məşqçilərə ezamiyyə müddətində xüsusi mükafat-maliyyə ayrılır.
Yəni, AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin uğursuz məşqçi dostlarının A millinin düşərgəsində peyda olmaları elə-belə deyil.
Bunu da qeyd edək ki, AFFA rəhbərliyi son toplantıda - aşağı yaş qrupları üzrə millilərin məşqçilərinin hesabatını dinləyərkən yalnız U-21-in baş məşqçisi Samir Əliyev və U-19-un baş məşqçisi Aqil Nəbiyevin fəaliyyətindən razılığını bildirib.
Mediasport.az