Qubadlı sakininin yığmamızın oyunundan sonra ürəyi dayandı
Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə qrup mərhələsinə biabırçı start verməsi, ardıcıl iki oyuna qapısından 9 top buraxması faciəyə səbəb olub.
mediasport.az xəbər verir ki, yığma komandamızın rüsvayçı məğlubiyyətləri ölkənin bir nömrəli komandasının Qubadlıdan olan qatı azarkeşinin infraktdan həyatını itirməsi ilə nəticələnib.
Bu barədə "CBC Sport" telekanalının aparıcısı Ramiz Mirzəzadə paylaşım edib. Qeyd edib ki, 0:5 hesablı darmadağınla başa çatan İsveç - Azərbaycan görüşündən 15 dəqiqə sonra Heydər adlı şəxsin ürəyi dayanıb. Paylaşımı olduğu kimi təqdim edirik:
- Millimizin məğlubiyyətini çoxumuz hər dəfə adi qarşılamağa öyrənmişik. Çoxumuz Azərbaycanda futbol yoxdur deyib, klublarımız barədə informasiyası olmadan belə rahat şəkildə futbol adlı dünyadan həzzini ala bilir.
Amma çox hörmət etdiyim və hər zaman Azərbaycan futbolu barədə doyunca fikir mübadiləsi apardığım doğma bir ağsaqqalım var idi yaşadığım yerdə. Çox heysiyyatlı Qarabağlı və sadiq "Qarabağ" azarkeşi, həmçinin Azərbaycan millisinin təəssübünü çəkən insan idi Heydər əmi. Çempionatımızın oyunlarını qaçırmadan izləyib, verilişlərdəki fikirlərimizə qədər diqqətlə dinləyib münasibətini bildirərdi. Onun haqqında keçmiş zamanda danışmaq həqiqətən çox çətindir.
Dünən gecə məhz millimizin oyunundan 15 dəqiqə sonra ürəyi dözməyib, üzüntü və əsəbdən infarkt keçirərək dünyasını dəyişəcək qədər millimizə ürəkdən bağlı olan biri idi Heydər əmi. O ürək dözmədi son məğlubiyyətə. Xəstə olduğunu bilə-bilə yenə də izlədi. Bu dəfə daha yaxşı olar, bu dəfə ÜRƏKlə oynayarlar deyib ÜRƏYi dözməyən Heydər əmi, Allah sənə qəni-qəni rəhmət eləsin ???? Yerin behişt olsun. Doğma Qubadlını yenidən görmək sənə nəsib olmasa da, əminəm ki, səni sevənlərin qəlbində hər zaman yaşayacaqsan.