Gəncə klubunun üzvləri Baş Konsulun görüşündə oldular
"Gəncə" basketbol klubunun üzvləri Türkiyənin Gəncədəki Baş Konsulu Rəcəb Öztopun qəbulunda olublar.
Mediasport.az xəbər verir ki, görüşdə klubun baş məşqçisi Xəlil Atlı, köməkçisi Rizvan Səfərov, basketbolçular Elşad Şirzadov və Kaan Yıldırımkanlı iştirak ediblər.
Diplomata klubun cari mövsümdəki hədəfləri və nəticələri barədə məlumat verilib, heyətin yenidən formalaşdırıldığı, iddialı kollektivin yaradıldığı qeyd olunub.
Bildirilib ki, qarşıya qoyulan ilk məqsəd pley-offa düşməkdir.
Rəcəb Öztop Gəncədə idmanın müxtəlif növlərinin sevildiyini, klubun fəaliyyətini izlədiyini diqqətə çatdırıb. Vaxtilə aktiv şəkildə futbolla məşğul olduğunu vurğulayan baş konsul komandaya çempionatda uğurlar arzulayıb.
Diplomat uyğun olduğu vaxtlarda tribunadan "sarı-göylər"ə dəstək vermək üçün oyunlara gələcəyini bildirib.
Sonda Rəcəb Öztopa üzərində komanda üzvlərinin imzası olan Kaan Yıldırımkanlının forması hədiyyə edilib.