Azərbaycanda oyuna hakim təyin edilməməsinə AFFA-dan REAKSİYA
Azərbaycan futbolunda gülünc hal qeydə alınıb.
AFFA U-15 liqasında keçirilməli olan "EFA" - "Qəbələ" oyununa hakim təyin etməyi unudub.
Bu haqda "Qəbələ" Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.
Xəbəri təsdiq edən AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin Mediasport.az saytına bildirdiyinə görə, xoşagəlməz olayla əlaqəli ölçü götürüləcək:
"Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq".