"Azərbaycandan təkliflər olsa da, Avropada qalmaq istəyirəm"
Martın əvvəlində Latviya təmsilçisi "Dauqavpils"lə müqavilə bağlayan Nazim Həsənzadəyə Azərbaycan klublarından dəvət olsa da, 21 yaşlı yarımmüdafiəçi karyerasını Avropada davam etdirmək istəyir.
mediasport.az xəbər verir ki, Latviyaya "Turan Tovuz"un əvəzedici komandasından yollanmış futbolçu bu barədə "sportal"a müsahibəsində deyib.
"Qəbələ" və "Sabah"ın da aşağı yaş komandalarında oynamış Həsənzadə yeni klubunda meydana az-az çıxmasını bəxtsizlik və zədələrlə əlaqələndirib:
- Sözün düzü, bəxt barəsində işlərim yaxşı getmir. Zədələndim, sonra da xəstələndim. Ona görə də bir neçə məşqi buraxmalı oldum. Yenə də oyunqabağı məşqdə heyətdə idim, zədələndim. Əzələmi dartmışam. Azərbaycandan təkliflərim var. Ancaq Avropada qalmaq istəyirəm. Hər şeyi zaman göstərəcək.