"Qurban Berdıyev gələn gündən hər futbolçu ilə təklikdə danışıb"
"Keçən ayın 24-dən toplanışa start vermişik. 27-dən Qəbələdəyik. Həm fiziki durumumuzu artırmağa çalışırıq, həm də taktiki işləyirik. Yəni, plan üzrə hərəkət edirik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
31 yaşlı təcrübəli futbolçu heyətdə atmosferin yaxşı olduğunu söyləyib, komandanın hazırlıq prosesi haqda məlumat verib:
"Hər kəs canla-başla məşq edir. Yeni baş məşqçi də tələblərini ortaya qoyub. Komandaya fikirlərini çatdırmaq və futbol oynatmaq istəyir. Pillə-pillə irəliləyirik. İnşallah, çempionatın ilk oyununa qədər hazır olmağa çalışacağıq. Bütün futbolçular tez bir zamanda formaya düşməyə çalışır. Toplanış başlayandan yüngül məşqlərimiz olmayıb. Lakin indi vacib olan fiziki durumumuzu düzəltməkdir".
Müdafiəçi yeni baş məşqçisi Qurban Berdıyevin futbolçularla münasibəti, komandadan istəyi barədə fikirlərini bölüşüb:
"Berdıyev gələn gündən hər bir futbolçu ilə təklikdə danışıb. Komandada birliyin olmasını, gözəl kollektivin formalaşmasını istəyir. Həqiqətən də məşqçi kimi bizə hər şeyi göstərir, futbol oynamaq lazım olduğunu bizə deyir. Bəzən elə olur ki, məşqlərdə belə başa düşmədiyimiz, səhv etdiyimiz məqamları ondan soruşmağımızı istəyir. Hətta hər fubolçu ilə təkbətək iclasın baş tutduğu da olub. Futbolçu kimi mənim üzərimə düşən vəzifə də canla-başla, həqiqətən, çalışmaqdır. Digər futbolçular da həvəslə məşq edirlər. Bunu olduğu kimi saxlayıb çempionatın startına qədər hazır olmağa çalışacağıq".
Şəhriyar Əliyev başa çatan mövsüm komanda olaraq daha çox əziyyət çəkdikləri məqamı açıqlayıb:
"Komandadan gedən futbolçular oldu. Hər birinə uğurlar arzu edirəm. İndi elə məqamdır ki, transferlər məsələsinə rəhbərlik və baş məqçi qərar verir. Keçən il biz əziyyət çəkdik. Zədəli, cəzalı futbolçularımız oldu. Elə matçlar oldu ki, onların yoxluğu oyunumuza təsir etdi. Düşünürəm ki, komandaya yeni futbolçular gəlməlidir. Bu məsələ ilə rəhbərlik və baş məşqçi məşğul olur. Heyət nə qədər geniş olsa, bir o qədər yaxşı olar. Komanda olaraq hamımız birlikdə yığışırıq. Necə lazımdırsa, həvəslə məşq etməliyik. İnşallah, ideal formaya düşməliyik ki, qarşıdakı məqsədə çataq".