"Atam narazılıq edir, müzakirə aparırıq, səhvlərimi başa salır"

"Atam narazılıq edir, müzakirə aparırıq, səhvlərimi başa salır"

Futbol üzrə Azərbaycan milli komandası və "Qəbələ" klubunun qapıçısı Rəşad Əzizli Mediasport.az saytına müsahibə verib.


Premyer Liqanın son turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduz. Oyun haqqında nə deyə bilərsən?

- İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İkinci hissənin əvvəlində sürətli hücumlar qurduq. Amma "Qarabağ" bizi əks hücumlarda tutub qollar vurdu. Buna görə məğlub olduq.

Ötən tur qalib gəldikdən sonra baş məşqçiniz Elmar Baxşıyev də qələbənin komanda üçün dönüş nöqtəsi olacağını demişdi. Amma yenidən uduzduz...

- Baş məşqçinin istədiyi oyun, taktika yerindədir. Sadəcə, qol epizodlardan istifadə edə bilmirik. Bu da məğlubiyyətə gətirib çıxarır. Məğlub olsaq da, komandada istək, inam var. Qış fasiləsinə qədər 3 tur qalıb. Ona qədər maksimum xal yığmalıyıq.

Təcrübəli qapıçısan, çox klubda oynamısan. Səncə, "Qəbələ"nin uğursuz çıxış etməsinin səbəbi nədir?

- Çempionata çox pis start verdik. Gözlənilməz nəticə oldu. İlk turda böyükhesablı məğlubiyyət aldıq. Ona qədər Konfrans Liqasında "Omoniya" ilə oyunda da ardıcıl iki görüşdə uduzduq. Sanki onun təsirindən çıxa bilmirik. Bəzən oyunlarımız alınır, bəzən yox. Düşünürəm ki, qışdan sonra tam başqa "Qəbələ" olacaq.

"Qəbələ" yarandığı gündən aşağı liqaya düşməyib. Faktiki durum buna doğru gedir. Sən necə düşünürsən?

- Qətiyyən yox. Dediyim kimi, qışdan sonra daha iddialı olacağıq. Rəqiblərimizlə aramızda xal fərqi elə də çox deyil. Qış fasiləsinin bizə çox xeyiri olacaq. Kubokda da şansımız var. Mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilərik.

Milli komandanın son oyunları üçün heyətə çağırılsan da, oynamadın. Ümumiyyətlə, öz çıxışını necə dəyərləndirirsən? Tanınmış qapıçı olan atan Faiq Əzizli səndən razıdır?

- (Gülür) Yox, razı olmur, əksinə narazılıq edir. O da valideyn kimi yox, məşqçi gözü ilə baxır. Hər oyundan sonra müzakirə aparırıq, səhvlərimi başa salır. Öz oyunum haqda mütəxəssislər qiymət versələr, daha yaxşı olar.

Milli komandanın əsas heyətində səni nə vaxtsa görəcəyik?

- Seçim baş məşqçinindir. İndi görək yeni məşqçimiz kim olacaq. Mən həmişə hazıram.

Səncə, yığmamızı yerli baş məşqçi çalışdırmalıdır, yoxsa xarici?

- Milli komandamız üçün doğru qərarı rəhbər şəxslər verəcək. Əlbəttə, yaxşı yerli məşqçilərimiz çoxdur. Əsas odur komandamız üçün uğurlu olsun.