"Bağdadda kor Xəlifə", "Kəpəz"də İlqar Nadirinin kreslo sevgisi

"Bağdadda kor Xəlifə", "Kəpəz"də İlqar Nadirinin kreslo sevgisi

"Bağdadda kor Xəlifə"di, bir də "Kəpəz"ə əbədi "könül vermiş" İlqar Nadiri kreslonu iki əl və iki ayaqla qucaqlayıb.

Etirazlardan tükü tərpənməyən klub rəhbəri məşqçiləri sıraya düzüb. Gəncə klubuna 3-6 aydan bir yeni baş məşqçi gətirən Nadirinin məqsədi sanki azərbaycanlı mütəxəssisləri gözdən salmaq, nüfuzlarını yerlə bir etməkdi.

Növbəti hədəf - sıra Azər Bağırova çatıb.

1-ci Liqada özünü sübutdan sonra ötən mövsüm Premyer Liqada da bacarığını ortaya qoyan perspektivli çalışdırıcının bir ayağının Gəncəyə gedib çatmamış istefasının tələb olunması belə düşünməyə əsas verir.

Bir qrup azarkeş "Şamaxı" ilə Tovuzda keçirilən ev matçının 20-ci dəqiqəsindən etibarən rəhbərliyi o ki var, söydü, təhqir elədi, istefaya səslədi.

Azmış kimi, davamını Bağırovla gətirdilər. Dəfələrlə istefasını tələb etdikləri baş məşqçi texniki zonada özünə yer tapa bilmirdi, əsəbindən.

Az qalırdı tez-tez dönüb baxdığı tribunaya desin ki, "Ay Allahsızlar, hələ Gəncəyə çatmamışam e, 2 turdu komandaya gəlmişəm, mənim günahım nədi?..."

Tərlan Əhmədovu geri səsləyən tribunaçıların gücü İlqar Nadiriyə çatmadığından hədəf kimi Bağırovu seçiblər.

Məhz Nadiri və Adil Şükürovun "əməyinin sayəsində" 0 xalla turnir cədvəlində sonuncu pillədə olan "Kəpəz", daha doğrusu, dəymədüşər klub başçısı qışa qədər Bağırovu istefaya göndərsə, təəccbülənməyək.

Tovuz stadionunda oturduğu VİP zonadan qaçaraq gizlənən Nadiri, görünən budu ki, klubda hər kəsi qurban verməyə hazırdı, özünün istefasını ağlından belə, keçirmir.

Açığı, gəncəli fanatların da çoxunun hay-küyü var elə. Hərdən kənardan müşahidə edirsən ki, bu adamlar, ümumiyyətlə, nə istədiklərini bilmirlər.

10 gündü komandaya rəhbərlik edən məşqçini istefaya səsləmək üçün ya "partizan" olmalısan, ya da futboldan anlayışsız.

Hər halda Azər Bağırov bu məqamları nəzərə alaraq hara getdiyini, kimlərlə işləməyə razılıq verdiyini düşünüb.

Mediasport.az