Bakıda BMT və AFFA-nın təşkilatçılığı ilə turnir təşkil edilib
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi AFFA ilə əməkdaşlıq çərçivəsində Sportster stadionunda inklüziv minifutbol turniri təşkil edib.
Mediasport.az xəbər verir ki, tədbirdə qaçqın icmalarını, BMT QAK-ı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini və “Miqrasiya Könüllüləri” ictimai birliyini təmsil edən 6 komanda, o cümlədən iki qadın komandası iştirak edib.
Turnir evlərini tərk etməyə məcbur olmuş insanların güc və cəsarətini qeyd etmək üçün hər il iyunun 20-də qlobal miqyasda qeyd olunan daha geniş tədbirin – Ümumdünya Qaçqınlar Gününün bir hissəsidir.
Builki minifutbol yarışının məqsədi ictimaiyyətin diqqətini çəkmək və didərgin insanların onlara ev sahibliyi edən icmalara effektiv inteqrasiyasını təşviq etmək olub.
Həyat və ətraf mühit üçün vacib olan müxtəlif elementləri simvolizə edən komandalar “Fauna”, “Flora”, “Su”, “Külək” (Hava), “Enerji” və “Kainat” tematik adları altında yarışıblar.
Bu adlar 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) mövzularına uyğundur.
BMT QAK didərginlərin və vətəndaşlığı olmayanların həyatını yaxşılaşdırmaq niyyəti ilə idman proqramlarının təşkili, Ümumdünya Qaçqınlar Günü kimi vacib tarixlər barədə məlumatlandırma işlərinin aparılması, həmçinin birgə kampaniyaların keçirilməsi məqsədi ilə FİFA ilə əməkdaşlıq edir.