Bakının "gizli qonaqları" - onlar paytaxtımızda bir həftə qalacaqlar

Bakının "gizli qonaqları" - onlar paytaxtımızda bir həftə qalacaqlar

Futbol üzrə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi "Dinamo" 2 gündür Bakıdadır.

MediaSport.az saytına daxil olan məlumata görə, Belarus klubu Bosniyada yerli "Jelezniçar"la I təsnifat mərhələsinin ilk matçından sonra artıq xərcə düşməmək üçün Minskə qayıtmayıb.

Sarayevoda 2:2 hesabı ilə razılaşan Vadim Skripçenkonun komandası Bosniyadan İstanbula, oradan isə Bakıya yollanıb. İyulun 14-ü axşam saatlarında ölkəmizə təşrif buyurmuş kollektiv təxminən 1 həftə paytaxtımızın qonağı olacaq.

Qeyd edək ki, oyunlarını Belarusda keçirə bilməyən komandanın "Jelezniçar"la Suraxanıda baş tutacaq cavab qarşılaşması azarkeşsiz təşkil olunacaq.

2022-ci ildə Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra birinciləri dəstəkləməsi səbəbindən ev matçlarından məhrum edilmiş Belarus klubunun "Azərsun Arena"da bosniyalılarla dueli iyulun 20-də Bakı vaxtilə saat 21:00-da başlanacaq.