Elmar Baxşıyev: "Bu gün istədiklərimizi həyata keçirə bildik"
"Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaqlar".
MediaSport.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışında Moldovanın "Sukleya" komandasına 4:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
43 yaşlı mütəxəssis bildirib ki, ilk sınaq matçında əsas məqsəd yeni oyunçuları fərqli mövqelərdə yoxlamaq olub: "Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun praktikası qazanmaq imkanı verməyi düşünürdük. Belə qarşılaşmalarda nəticə böyük önəm daşımır. Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik".
O, hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını anlayışla qarşıladıqlarını vurğulayıb: "Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq".