"Qarabağ"ın 10 futbolçusu milli komandalarına dəvət alıb
"Qarabağ"ın beş legioner futbolçusu növbəti dəfə milli komandaya cəlb olunub.
Mediasport.az xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade isə Kabo Verde yığmalarına dəvət alıblar.
Monteneqro millisi noyabrın 16-da evdə Litva, üç gün sonra səfərdə Macarıstanla üz-üzə gələcək.
Gürcüstan yığması noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq.
Patrik Andrade və Leandro Andradenin formasını geyindiyi Kabo Verde noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.
Qeyd edək ki, Ağdam klubunun Azərbaycanın əsas millisinə cəlb edilən futbolçuları Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov və Elvin Cəfərquliyevdir. Millimiz noyabrın 16-da Bakıda İsveçi qəbul edəcək, 3 gün sonra səfərdə Belçika yığması ilə münasibətlərini aydınlaşdıracaq.
Nəriman Axundzadə isə U-21 yığmamızın düşərgəsinə çağırılıb. Samir Əliyevin rəhbərlik etdiyi komandamız beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna seçməsi ilə üz-üzə gələcək.