Qurban Qurbanov: "Onlara bu gün və sabah nəzər yetirəcəyik"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyada "Bayer"ə qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis öncə “Jean Borotra World Fair Play Career” mükafatını alması ilə bağlı təəsuratlarını bölüşüb:
"Təəsuratlarım çox xoş oldu. Bəlkə də düşünmək olardı ki, yaddan çıxmışdı. Bu hadisə xeyli müddət əvvəl olmuşdu. Mükafatı alanda yenidən o olaylar yadıma düşdü. Maraqlı tədbir alındı. Həm mənim özümə, həm həmin epizoda çox xoş münasibət göstərildi. Məni bu mükafata layiq gördükləri üçün hər kəsə təşəkkür edirəm".
Təcrübəli mütəxəssis Leverkuzen klubu ilə matçöncəsi "atlılar"ın vəziyyəti barədə məlumat verib: "Tovuz səfərindən sonra futbolçularda yorğunluq var idi. Heyətdə ümumi olaraq problem yoxdur. Sadəcə, "Turan Tovuz" səfərindən sonra bir az üzgünlük və yorğunluq oldu. Süni örtük və uzaq səfərin təsiri hiss olunurdu. Futbolçular xeyli güc sərf etmişdilər. Amma "Bayer"lə matç tam fərqli oyun, başqa bir turnirdir. Hər futbolçu meydanda olmaq istəyir. Demək olar ki, hamı hazırdır. Zədədən qayıdan bəzi futbolçuların komanda ilə məşq etmələrinə baxmayaraq, fiziki durumları bizim istədiyimiz səviyyədə deyil".
Qurbanov zədələrini sağaldan Bəhlul Mustafazadə və Marko Veşoviçin oynamağa hazır olduğunu deyib:
"Ümumən normaldırlar. Demək olar ki, zədələri tam olaraq geridə qalıb. Hazırlıq səviyyələri tam qaydasında deyil. Bəhlul bir aydan bir az çoxdur ki, məşqləri buraxırdı. Durumu pis deyil, komanda ilə tam məşqlərə başlayıb. İstənilən tapşırığı yerinə yetirə bilir. Sadəcə, oyun ritmi tam çatışmır. Onlara bu gün və sabah məşqlərdə nəzər yetirəcəyik".