"Zirə" rəhbərliyinə VACİB MƏSLƏHƏT

"Zirə" rəhbərliyinə VACİB MƏSLƏHƏT

Azərbaycan futbolunun son 30 ildə yetişdirdiyi azsaylı keyfiyyətli, xarakterli, intizamlı, vətənpərvər simalarından biri - Rəşad Sadıqov düz 30 aydır "Zirə"nin baş məşqçisidir.

Futbolçu karyerası yetərincə zəngin, ölkə çapında xeyli uğurlu alınmış millinin keçmiş kapitanı 5 ildən çoxdur məşqçiliyin sirrlərini öyrənməyə çalışır. Bəli, çalışır. Bu məsul işə "Qarabağ"ın əvəzediciləri ilə başlayan, hətta UEFA Gənclər Liqası çərçivəsində Madriddə "Atletiko"ya (1:0) qalib gələn 41 yaşlı mütəxəssisin Ağdam klubunda, daha sonra milli komandada (U-21) işləri, əslində, pis getmirdi. Amma...

Amma 2020-ci ildə ilk dəfə Premyer Liqa klubu ilə müqavilə bağlayan Sadıqov, nə illah eliyir, bir sistem formalaşdıra bilmir. "Zirə" Sadıqovlu dönəmdə - geridə qalan müddətdə hələ də stabil oyun nümayiş etdirmir, konkret, davamlı bir üslubu yoxdur. Olduqca praqmatik, əlaqəsiz, başdansovdu oynayırlar.

Geridə qalan 30 ayda "Zirə"dən yüzminlər qarşılığında onlarla yerli, əcnəbi gəlib-keçib. Qəsəbə təmsilçisinin ən uğurlu mövsümü ötən il oldu ki, "Qarabağ"ın hegemonluğu fonunda, rəqabətsiz, 8 komandalı Premyer Liqada üçüncü yeri tutdular, kubokda finala çıxdılar. Bizim xüsusi qeyd etmək istədiyimiz məqam nədir? - "Zirə"də konkret məşqçi işi, düzənli, davamlı bir sistem yoxdur. Misal, "Qəbələ" 2 tur qalib gəlir, 1 tur məğlub olur, 2 tur heç-heçə edir - yəni, qeyri-sabit çıxış edir, lakin yenə də bu komandanın bir oyun planı, dəsti-xətti, üslubunun olduğunu görürük. Hətta pul üzünə həsrət "Kəpəz", "Turan Tovuz", "Səbail" və "Sumqayıt" belə, sistemli futbol nümayiş etdirir.

"Zirə"də isə elə bir ucdan yüzminlər xərclənir, əcnəbinin biri gedir, digəri gəlir, faydası olmur ki, olmur. Baxın, dünən "Neftçi" ilə səfər oyununda meydana çıxan əsas heyət üzvlərindən cəmi 2-si təmiz azərbaycanlı, 2-si də milliləşdirilmiş azərbaycanlı idi. Mövsümün başa çatmasına hələ çox var, amma artıq lider "Qarabağ"dan 25(!), ən yaxın izləyiciləri - 3-cü pillədə qərarlaşan "Neftçi"dən 10 xal (!) geri qalırlar. Sizcə, bu, çox şeydən xəbər vermir?

Biz dəfələrlə yazırıq-deyirik, məsələn, bütün Haiti əhli Donald Geryenin nə qədər intizamsız futbolçu olduğunu bilir, ancaq necə olur ki, onunla vaxtilə bir komandada çıxış etmiş Rəşad Sadıqovun bundan xəbəri yoxdur? Var! Qardaşım, bu futbolçuda zərrə qədər xarakter yoxdu da, 200-300 minlərlə manatı belə uğursuz transferlərə niyə xərcləyirsiz axı. Yetərincə təcrübəsi olan futbolçu belə gərgin, prinsipial oyunda - debüt matçında lazımsız anda qırmızı vərəqə alar?..

Odur ki, "Zirə" rəhbərliyi dostluq-tanışlıq-qardaşlıq əlaqələrini bir kənara qoyub dərindən düşünməli, daha adekvat qərarlar verməlidir. Komandanın yetərli büdcəsi, maliyyə imkanları, hərtərəfli dəstəyi var. Bu iş Rəşad Sadıqovla olmur, billah olmur, məcburdur? Alınmır! Məşqçiliyi bacaran birini gətirin, mütləq. Yaxşı-yaxşı fikirləşin, cənablar. Sadıqovu idarəçi postuna qoyun, klub rəhbəri edin, Müşahidə Şurasının sədri edin, istənilən rəhbər vəzifələrdən birini tapşırı. Bu adamın keyfiyyətləri baş məşqçilikdən savayı hər işə yarayır axı. Ancaq bu gedişlə sonra çox peşman olacaqsız, çox. Bizdən demək.

O qədər pullar xərcləyirsiz, transferlər elə bir ucdan gətirilir, komandada bir damcı ümidverici nəsə olsa, susmağa hazırıq. Buyurun, göstərin.

mediasport.az