"Zirə"nin nigeriyalı futbolçusu: "Çempionluq yarışına qatıla bilərik"
"Zirə"nin yarımmüdafiəçisi Abbas İbrahim Azərbaycan Premyer Liqasının 4-cü turunun "Sabah"la ev oyunundan (1:0) sonra Mediasport.az saytına müsahibə verib...
"Sabah” kimi iddialı komandaya qalib gəldiz, bu barədə fikrin maraqlıdır.
- Çox stressli və gərgin məcrada keçən matç oldu. Bu da gözlənilən idi. Çünki həftəboyu “Sabah”ın necə yaxşı komanda olduğu ilə bağlı analizlər aparmışdıq. Yaxşı da hazırlaşmışdıq. Qalib gəldik. Amma bu oyundan sonra istirahətə elə də çox vaxt ayırmağa ehtiyac yoxdur. Artıq növbəti matç barədə düşünməliyik.
İlk dəqiqələrdə qol vurub sona qədər hesabı saxlaya bildiz. Çətin idi?
- Bəli, ilk dəqiqədə qolumuzu vurduq və sona qədər də meydanda əsl mübarizə apardıq. Hamı qələbə qazanmağı çox istəyirdi. İstəkli və mübariz idik. “Sabah”ın yaxşı komanda olduğunu bilirdik. Hücumları da oldu. Amma əsas odur ki, qarşısını alaraq üç xalımızı qazannmağı bacardıq.
4 oyunun və 4 qələbə - Bu, futbolçularda arxayınçılıq yaratmayacaq?
- Bu mövsümdən etibarən mən və bütün komanda yoldaşlarım mentalitetimizi daha da dəyişmişik. Bir növ mental olaraq artıq çempionluq yarışına qatıla bilərik deyə, düşünürəm. Məncə, bizim arxayınlaşmağa vaxtımız da yoxdur. Yalnız irəliyə baxmalıyıq.
Qarşıdakı turda rəqibiniz autsayderlər sırasında olan “Qəbələ”dir. Rahat qələbə qazanacağınızı gözləyirsiz?
- “Qəbələ”nin oyununa və Konfrans Liqasında bir neçə oyun oynadığını nəzərə alsaq, elə də asan olmayacaq. Deyə bilmərik ki, çempionatda hansısa matç asan olacaq. Biz oyundan-oyuna daha da inkişaf edib, hər bir komandaya qarşı yüksək səviyyədə hazırlaşmalıyıq. “Qəbələ”yə qarşı daha yaxşı hazırlaşmalıyıq.
Əsas hədəf səfərdə "Qəbələ"ni də məğlub etməkdir, yoxsa 1 xalı da yetərli saymaq olar?
- Artıq “Qəbələ” ilə oyun haqda düşünürük. “Sabah”la görüşdə vacib xallar qazandıq. Meydanda sona qədər mübarizə apardıq. İndidən “Qəbələ” görüşünü düşünürük və təbii ki, meydana uğurlu nəticə üçün çıxacağıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq.