"Neftçi"dən getməyimlə sizin həyatınızda nə dəyişəcək?"
"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçından sonra (0:3) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, o, öncə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətindir. Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq. "Qarabağ" isə daha iki qol buraxdıq. Ondan sonra oynamaq çətin idi. İkinci hissə daha yaxşı oynadıq. Bu da anlaşılandır, çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar".
Daha sonra Bojoviç jurnalistlərin suallarını cavablandırıb:
- Müqavilə imzaladığınız vaxtda qarşınıza ikinci yer və ölkə kubokunu qazanmaq məqsədi qoyulmuşdu. Necə olacaq? Komandanın oyununda irəliləyiş yoxdur, azarkeşlər də matçınızı boykot edib...
Niyə belə həyəcanlısız? Bundan məmnunsuz? Sanki uduzduğumuza görə məmnunsuz. Bizim məğlubiyyətimizə görə həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm.
- "Neftçi" evdə oynasa da, sanki "Qarabağ" ev görüşünə çıxmışdı. Bu vəziyyətə görə özünüzü nə dərəcədə günahkar hesab edirsiz?
Burada iki ayyarımdır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik.
- Çemodanınız hazırdı?
Sizin üçün nə fərqi? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaqdı. Amma siz kiçik jurnalist kimi qalacaqsız.
- Emin Mahmudovun start heyətində yer almaması nə ilə əlaqədar idi?
Emində zədə var idi. Risk etmək istəmirdik. İstər-istəməz çempionat bizim üçün çox önəmlidir. Onu "Sumqayıt"la oyun üçün saxlamaq istəyirdik. Fikirləşirdik ki, böyük mübarizə olacaq.
- Təsəvvür edək ki, yeni mövsümdən "Neftçi"nin baş məşqçisiz. Nələr edilməlidir ki, "Qarabağ"la bu qədər səviyyə fərqi görünməsin?
Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdır. "Qarabağ"la mübarizə aparmaq çətindir. "Neftçi"nin uğurları olacaq. Amma bilmirəm mənimlə olacaq, ya yox. "Neftçi" əvvəl kimi güclü olacaq. İnanıram.