"Oyun heç-heçə başa çatsaydı, daha yaxşı əhval-ruhiyyədə gedərdik"
"Pis oynamadıq, futbolçularımı paltardəyişmə otağında təbrik etdim. Görəcəyimiz işlər çoxdur. Əvvəlki üç turda komanda ikinci yarıda çox əziyyət çəkirdi. Məncə, 3-4 turdan sonra komandanın fiziki durumu qaydasında olacaq. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha da yaxşı oynadıq. Daha yaxşı olacağıq. Çünki komandamız gec bir araya gəlib, transferlərimiz də gec qoşulub. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlər sona qədər qaldılar".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunun "Neftçi"yə (0:1) qarşı keçirilmiş oyunundan sonra deyib.
“Sumqayıt” oynadı, “Neftçi” qalib gəldi?
- Yox, belə şeylər deməyim. Oyundur da. Rəqibin qol vurmaq üçün az epizodu olsa da, onu dəyərləndirməsi ustalıq tələb edir. “Neftçi” də bunu göstərdi. Öz komandamın adına deyirəm ki, yaxşı oynadıq. Heç kim oyundan qopmadı. Oyun heç-heçə başa çatsaydı, daha yaxşı əhval-ruhiyyə ilə gedərdik. Bəlkə də ədalətli nəticə bu idi.
Komanda hər oyun qol buraxır. Bunun səbəbi müdafiə xəttinin zəif olması ilə bağlıdır?
- Keçən il komandaya gələndən sonra yeddi oyuna bir qol vurmuşduq, onu da penaltidən. İndi isə hər oyuna orta hesabla iki qol vururuq. Komanda şəklində müdafiədə çox diqqətliyik. Birinci hissədə korner də olmadı. “Neftçi”nin qapımıza yaxınlaşmasına imkan vermədik. Müdafiədən narazı deyiləm. Baxmayaraq ki, tez-tez rotasiyalar edirik. Yeni gələnlərə də şans veririk ki, oynasınlar, tez formaya düşsünlər.
Heyət tam komplektləşib?
- Xeyr, vinger gözləyirik. Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra heyəti tam komplektləşmiş saymaq olar.