"Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik" - "Bayer"in baş məşqçisi

"Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik" - "Bayer"in baş məşqçisi

"Meydanda güclü "Qarabağ" gördük. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Oyun çox çətin oldu. Bilmirəm, gələn həftə necə olacaq. "Çalışacağıq ki, burada ikinci hissədə göstərdiyimiz oyunu cavab matçında da nümayiş etdirək. Amma bu gün qarşımızda güclü komanda var idi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Şabi Alonso deyib.

İspaniyalı mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk dueli çərçivəsində "Qarabağ"la Bakıda keçirilən görüşdən sonra mətbuat konfransında danışıb, daha sonra jurnaistlərin suallarını cavablandırıb.


Qurban Qurbanovla dostluğunuz sanki hesabda da əksini tapdı.

- Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Onları oyuna hazırlamağa çalışırıq.

Bu gün uduzsaydız, məğlubiyyətsiz seriyanız qırılacaqdı. Çox məyus olacaqdız?

- Buna çox əhəmiyyət vermirəm. Mənim üçün əsas olan komandanın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik.

Sizcə, “Qarabağ”ın bəxti gətirmədi, yoxsa sizin bəxtiniz gətirdi?

- Bəli, razıyam. Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50/50-dir.

“Qarabağ”a qədər Azərbaycan futbolu haqda nə eşitmişdiz, nə bilirdiz?

- Qurban Qurbanovun təcrübəsi çoxdur. "Qarabağ"ın "Atletiko"ya qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanov komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür.

İlk dəqiqələrdən əsas heyətin əksər oyunçularını meydana buraxmamışdız, bu, nə ilə bağlı idi? Fasilədən sonra meydana çıxanlar “Bayer”i məğlubiyyətdən xilas etdilər...

- Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdir. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular.

Fasilədə futbolçulara nə dediz?

- Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk yarı ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq. 

"Qarabağ"la 3 dəfə qarşılaşmısız. Sizcə, "Qarabağ"ın hansısa futbolçusu top liqalarda oynaya bilər?

- Çox yaxşı, keyfiyyətli oyunçuları var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada rahat oynaya bilər. Amma oyunçuların adını çəkmək istəmirəm.

Çox qol şanslarınız olmadı, ilk qolda da Abdullah Zubir sizə kömək etdi.

- Bunu analiz edəcəyik. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Səhvləri düzəltməyə çalışacağıq.