Şenol Günəş: "Rəqibə yuxarıdan aşağı baxmaq insani olaraq doğru deyil"
"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Neftçi"nin qonağı olacaq.
mediasport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş Bakıda qarşılaşma ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Türkiyə klubları avrokuboklarda özlərindən zəif klublarla qarşılaşanda yuxarıdan aşağı baxırlar və bunun fəsadlarını yaşayırlar. Bu cütdə belə şey gözlənilir?
- Bakıda olduğum üçün şadam. Bura yad deyilik. Rəqibimizlə çox istəməyimizə baxmayaraq, hazırlıq matçı keçirə bilmədik. Yaxın komandayıq, ikimizin də rəngləri ağ-qaradır. Sabah da hər iki komanda üçün çox çətin olacaq. Ümid edirəm ki, haqq edən qazanacaq. Biz də, onlar da mərhələ adlamaq istəyir. Məharətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq, yaşamaq fərqlidir. İnsanlar dəyərlidir, futbolçular da. Hər rəqib ciddidir. Maliyyə, baza, şərait baxımından fərqli ola bilərlər. İmkansızlıqlar içində uğurlu olan komandalar və futbolçular var. Hər matç önəmlidir. Yuxarıdan aşağı baxmaq insani olaraq doğru deyil. İnsanın şöhrəti, pulu onun dəyərli olduğunu göstərməz. Sizdən daha güclü komandaya qalib gələ bilərsiz. Hər komanda ən yaxşısını etməyə çalışır. Futbolda zaman-zaman sürprizlər sizi bu düşüncəyə sövq edə bilər. Azərbaycanda futbol keçmişə görə çox irəlilədir. Şərait, imkanlar yaxşıdır. "Neftçi"nin 9 çempionluğu, 7 kuboku var. "Qarabağ" da var, "Sabah" da yaxşıdır. Azərbaycanın üç komandası Konfrans Liqasında oynayır. Futbol olaraq yatırımları da, iddiaları da üst səviyyədədir. Bəzən elə nəticələr qeydə alındı, bunu hər kəs sürpriz kimi gördü. Amma "Qarabağ" bunu həmişə etdi. Biz qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq. Ümidvaram ki, elə olacaq.
Azərbaycanda "Beşiktaş" azarkeşləri çoxdur. Onlara nə demək istəyərdiz?
- "Beşiktaş"ın burada da çox azarkeşi var. "Sabah"la əla dostluq oyunumuz alındı. Buradakı qardaşlarımız, "Beşiktaş" azarkeşləri yanımızda oldu. Avropada da var. Onlara yaxşı futbol oynayıb, yaxşı nəticələr qazanacaq komanda yaratmaq istəyirik. Bura gələn heyət ən yaxşı heyətimizdir. Azarkeşlərin dostluq çərçivəsində matç izləmələrini istəyirəm. Tiranada nələr olduğunu gördüz. Partlayıcı maddələrin aradan qalxması lazımdır. Bu gün hava limanına gələnlər oldu. Sağ olsunlar. Partlayıcı maddələr ziyandır, azarkeşlərə satırlar. Bu, doğru deyil. Görütü olaraq gözəl görünə bilər. Amma gözəl deyil. Azarkeşlərin təbəssümü fişənglərdən, partlayıcı maddələrdən yaxşıdır. Fanatlara layiq komanda olmaq üçün çalışırıq. Digər davranışlardan, şiddətdən uzaq olmalarını istəyirəm. Bakıda olmayacağını düşünürəm. Çünki qardaş ölkələrin komandaları qarşılaşır.
"Tirana" ilə matçdan fərqli, heyətdə dəyişikliklər olacaq, Ante Rebiç oynayacaq?
- Cenk Tosun məşqlərə qatılır, amma bura gətirmədik. Raşid Gezzal məşqlərə başlamayıb. Masuaku da cəzalı olduğu üçün gəlmədi. Heyətlə bağlı sabah qərar verəcəyik. Hamının oynamaq şansı var. Ən yaxşı heyəti quracağıq.
"Neftçi"ni təhlil etdiz. Sizcə, ən çox təhlükə hansı oyunçudan gələ bilər?
- "Neftçi"nin uğurları var. "Qarabağ" nəticələri ilə önə çıxır. "Sabah" da iddialıdır, yaxşı oyunçuları var. "Neftçi" bu mövsüm Azərbaycanda heyəti ən dəyərli olan komandadır. "Qarabağ"dan da futbolçu aldılar. Bilirəm ki, Rumıniyadan gətirilən baş məşqçi Adrian Mutu iddialı komanda yaradır. Oyunları da yaxşıdır. Son matçlarına baxdıq. Futboldur, bəzən gözlənilməz nəticələr qeydə alınır. "Tirana"dan daha yaxşı komanda ilə qarşılaşacağımızı bilirəm. Güclü rəqiblə oynayacağıq. Kilan Lebon, Filip Ozobiç, Emin Mahmudov, Eddi İsrafilov kimi oyunçuları var. Bütün futbolçuları istedadlı və yaxşıdır. İstedadlı da olsan, meydanda nə verə bildiyin önəmlidir. Ümidvaram ki, hər futbolçu öz səviyyəsində oynayar və yaxşı matç olar.
Bu günə qədər adınız Azərbaycanda milli komandası və klublarla çox hallanıb. Ölkəmizdən dəvət aldığınız doğrudur?
- 2000-ci illərin əvvəlində təklif almışdım. Ondan bu yana çox vaxt, 23 il keçib. İndi 23 yaşlı insanlar böyük adamlardı. Çox dəyişiklik edən deyiləm. Azərbaycanda olmaqdan şadam. Hazırda həyatımda elə bir layihə yoxdur. Ancaq keçmişdə təklif olmuşdu. İndi olmayan bir şey haqda danışmaq istəmirəm. "Beşiktaş"dan, camiədən çox məmmunam. Türkiyədən məşqçilər bura gələ bilər, futbolçular ora gedə bilər. Futbol təcrübəsi olaraq, isti münasibətlər, həm də qarşılıqlı əməkdaşlıqla futbolu inkişaf etdirə bilərik. Sadəcə, bir az addım atmaq lazımdır.
Büdcə, təcrübə, yerli çempionat baxımından "Beşiktaş" öndədir, siz favorit hesab olunursuz. Bəs "Neftçi"nin üstünlüyü nədədir?
- Sabahkı matçda qalib gəlmək üçün rəqibin zəif tərəflərinə baxıram. Onlar da bizim zəif cəhətlərimizə baxırlar. Sadəcə yaxşı konsentrasiya olmalıyıq. Hər iki komanda istəkli olacaq. Yaxşı köklənmək lazımdır.