"Çalışacağıq ki, Bakıya lider kimi dönək" - Millimizin baş məşqçisi
"Komanda yanvarın 10-dan toplanışdadır. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib:
Mütəxəssis səfərə qədər daha bir matç keçirmək istədiklərini vurğulayıb:
“Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmalar yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.
Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqiblərimizi də dəyərləndirib:
“Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda məğlub olublar, lakin bu zəif rəqibdir anlamına gəlmir. Ümumiyyətlə, bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdur. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci oyundan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 oyun keçirəcəyik. Biz ora çatan gün San Marino və Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük”.
Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu da bildirib:
“Biz də yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq”.
Qeyd edək ki, U-19 Aç-2025-in ilkin mərhələsi çərçivəsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq. Bu məqsədlə yanvarın 10-dan etibarən komanda təlim-məşq toplanışına başlayıb.