Yeni sponsor hədəflərini açıqladı: "Azərbaycan Premyer Liqasında çıxış etmək böyük uğur olardı"

Yeni sponsor hədəflərini açıqladı: "Azərbaycan Premyer Liqasında çıxış etmək böyük uğur olardı"

"Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir".

Mediasport.az xəbər verir ki, bu sözləri “Azerbaijan Sport Talents Academy”nin (ASTA) prezidenti Rafael Bünyatov deyib.

O, 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə sponsorluq müqaviləsinin imzlanması mərasimində jurnalistlərə açıqlama verib.

Akademiyanın rəhbəri Mingəçevirin futbol ənənələrinin olduğunu və seçimlərində bunun əsas rol oynadığını diqqətə çatdırıb:

"Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq, seçimimizi “Mingəçevir” üzərindən etdik. Başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu (FİF) ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz 1-ci Liqada çıxış edən “Mingəçevir” oldu.

Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır.

Klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, 1-ci Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı.

Qeyd edək ki, Mingəçevir təmsilçisi 10 komandalı Azərbaycan çempionatında geridə qalan 11 turdan sonra 6 xalla sonuncu pillədə qərarlaşıb.