Rəşad Sadıqovun belə, dərdinə əlac edə bilmədiyi "xarici bəla"

Rəşad Sadıqovun belə, dərdinə əlac edə bilmədiyi "xarici bəla"

"Zirə"də işlər (oxu-nəticələr) hər ötən il-mövsüm müsbət istiqamətdə irəliləyir.

4-cü ildir qəsəbə klubunu çalışdıran Rəşad Sadıqov yavaş-yavaş uğur qazanmağın yollarını tapır.

Son 3 ildə əldə edilən nəticələr də belə düşünməyə əsas verir.

Lakin Azərbaycan millisinin sabiq kapitanı hazırda "kapitan"ı olduğu "qartallar"da artıq 2 ildən çoxdur əlac edə bilmədiyi bir "dərd"lə üzləşib.

Bu, daha çox "xarici dərd"dir - 25 yaşlı Filipe Paxtmann adlı "məngənə" də demək olar buna. Hansı ki, baş məşqçini artıq uzun zamandır o ki var, sıxır, incidir, yorur. "Terminator" etiraf etməsə belə.

2021-ci ilin yanvarından komandada olan braziliyalı hücumçunun "dərd"i nədirsə, çarə tapılmır.

Bugünlərdə "Zirə"yə gəlişinin 4-cü ilini tamamlayan cənubi amerikalı, sizcə, geridə qalan bir karyeralıq müddətdə neçə oyunda forma geyinib? - Cəmi-cümlətanı 23 dəfə! Nonsens...

Bəs neçə qol vursa, yaxşıdır? - 3 qol! Gülünc...

Həftə səkkiz mən doqquz zədə alan Paxtmannı bu mövsüm oyun nədi, məşqlərdə görənlər üçün Zirə qəsəbəsinin girişində xüsusi mükafat təsis edilib. Kənd camaatı adam tapmır verməyə.

Bildiyimiz qədər, Rəşad Sadıqov artıq cana doyub. 43 yaşlı məşqçi 2022-ci ilin mayından sonra "sambaçı" ilə icarə anlaşmasının "alqı-satqı" müqaviləsi ilə əvəzlənməsinə çox peşmandır.

Artıq yekun qərar verilib, göndəriləcəyi dəqiqdir. Bu, yanvarın sonunadək də reallaşa bilər. Müqaviləsi yayda başa çatır, ovaxtadək qalsa, Bakıda havayıdan qazandığı pulu Braziliyada xərclədiyi qohumları da yığışıb gəlsə, Rəşad Sadıqov sözündən dönməyəcək.

Üstündən xətt çəkilib - "xarici bəla"nın başqa əlacı yoxdur. Hətta çox gecikiblər.

Mediasport.az