"Çıxışımı bəyənmədim, çalışacam ki, Parisdə qızıl medal qazanım"
“Xalqımın önündə məğlub olmadığım, azarkeşləri sevindirdiyim üçün şadam. Artıq üçüncü dəfə olimpiadada iştirak etmək hüququ əldə etdim. Avropa Olimpiya Təsnifat turniri karyeramın ən vacib yarışı oldu".
Mediasport.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində ölkəmizi 65 kq-da təmsil edən idmançı təəssüratlarını bölüşüb. 3-qat dünya və 4-qat Avropa çempionu 3-cü cəhddə Olimpiya çempionu olmağa çalışacağını bildirib:
"Əvvəlki olimpiadalarda gümüş və bürünc medallar qazanmışam. Çalışacam ki, Parisdə bunu qızıla çevirim: “Dizlərimdə zədə var. Ona görə iki aya yaxındır məşqlərdən uzağam, yalnız fiziki hazırlıq keçirəm. Çıxışımı özüm də bəyənmədim. Əsas odur ki, qalib gəldim, mənim üçün vacib olan budur. Zədə hər bir idmançı üçün böyük problemdir. Sərbəst güləşdə ayaqlar çox hərəkətdə olur. Mən də dizlərimdən ağır zədələr almışam. Buna baxmayaraq, vəziyyətdən çıxmağı bacardım”.
Qeyd edək ki, Hacı Əliyev "Rio-2016"da üçüncü olub, "Tokio-2020"də ikinci yeri tutub.