İspaniya mətbuatı "Atletiko"nun yadına "Qarabağ"ı saldı: "Ağdam klubu asan rəqib kimi görünürdü"
Madrid "Atletiko"sunun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun "Latsio" ilə Roma səfərində (1:1) son saniyədə buraxdığı qol İspaniya mətbuatının yadına "Qarabağ"ı salıb.
Mediasport.az xəbər verir ki, pireneyli həmkarlarımız İtaliyada qələbəni son anda əldən verən paytaxt klubunun 2017/2018-ci illər mövsümündə ÇL-in qrup mərhələsində "Qarabağ"la qarşılaşmalarına, əsasən də Bakıdakı duellə qrupa uğursuz start verdiyini xatırladıblar.
"İnfobae" nəşrində cütlük arasında 6 il əvvəl qeydə alınan 0:0 və 1:1 hesablarına işarə ilə Dieqo Simeonenin komandasının Ağdam təmsilçisi ilə görüşlərdə də çətinlik yaşadığına dair xəbər dərc edilib.
"2017-ci ildə "Atletiko" oxşar vəziyyətlə qarşılaşmışdı. Çempionlar Liqasının startı Romadakı eyni - Olimpiya Stadionunda baş tutmuşdu, amma bu dəfə şəhərin başqa komandası olan "Roma"ya qarşı idi. Madridin klubunun qrupdakı digər rəqibləri Premyer Liqanın çempionu “Çelsi” və o vaxt Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycanın “Qarabağ” klubu oldu. "Qarabağ" asan rəqib kimi görünürdü və "Atletiko"nun iki oyundan 6 xal toplaması üçün əla fürsət idi. Amma bu, “qırmızı-ağlar” üçün çətin iş alındı. Onlar nə ilk, nə də cavab görüşlərində qalib gələ bildilər. Hər iki oyun heç-heçə başa çatdı. Bu da son nəticədə turnir cədvəlinə təsir etdi. “Atletiko” "Roma" və "Çelsi"dən 4 xal geri qaldı. “Qarabağ” üzərində qələbə “Atletiko”nun top fərqinə görə “Roma”nı qabaqlayıb qrupdan çıxmasına kömək olacaqdı".
Qeyd edək ki, həmin mövsüm tərəflər Bakıda qolsuz heç-heçə etmişdilər. Madriddəki matçda isə Pedro Enrikenin meydandan qovulmasından sonra azlıqda qalan "atlılar" 40-cı dəqiqədə Miçelin gözəl qolu ilə hesabı açaraq yekunda vətənə 1 xalla qayıtmağa müvəffəq olmuşdular. İspanların heyətində bərabərlik topunu 56-cı dəqiqədə Antuan Qrizmann vurmuşdu.