Canni De Byazinin qələbə şərhi: " ...səsim batıb, qışqıra bilmirdim"
Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü çərçivəsində "Dalğa Arena"da İordaniya yığmasına qalib gəlib - 2:1.
Mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
İtalyan mütəxəssis əvvəlcə matç haqqında ümumi fikirlərini bildirib:
- Bilirdik ki, asan olmayacaq, elə də oldu. Rəqib fiziki cəhətdən yaxşı və aqressiv idi. Belçika ilə matçda çox enerji sərf etmişdik. Bu baxımdan hazır deyildik. Gözəl oyun alınmasa da, istədiyimizə nail olduq. Meydançanın da vəziyyəti yaxşı deyildi.
Növbəti oyunlardan əvvəl də Emin Mahmudovu mətbuat konfransına gətirəcəksiz? Beş oyunluq qələbə seriyasında da bunu edirdiz.
- Mütləq. Biz fartımızı tutmuşuq onunla (gülür). Emin çıxanda gördüz ki, yorğun idi. Əsas qoleadordumuzdur, peşəkardır, böyük keyfiyyətllərə malikdir. Meydanda çox gənc komanda var idi. Müdafiəçilərimiz 98-97-ci il təvəllüdlüdürlər. Heyətdə olanların hamısı gənclərdir. Məncə, yaxşı test oldu. Gələcəkdə bundan düzgün yararlanmalıyıq.
Bu gün çox emosional görünürdüz. Hətta Belçika ilə matçdakından daha çox. Bu, nə ilə əlaqədar idi?
- Çünki bir az səsim batıb, qışqıra bilmirdim. Jestlə hərəkətlər etməyə çalışırdım. Daha yaxşı oynaya bilərik. Uşaqların bəziləri də deyirdi ki, meydança pis idi. Hücum fazasında daha yaxşı oynaya bilərdik, daha çox qol vura bilərdik.
AÇ-2024-ün seçmə qrupunda dörd oyunumuz qalıb, artıq azarkeşlər, futbol ictimaiyyəti yaxşı oyun yox, yaxşı nəticə gözləyir. Siz özünüz nə gözləyirsiz?
- Ümid edirəm ki, yaxşı nəticələr qazanarıq. Ümid edirəm ki, siz və azarkeşlər də inanırsız. 101 faizimizi qoyacağıq ki, yaxşı nəticə qazanaq. Estoniya və Avstriyaya qarşı ağır oyunlar olacaq. Belçikaya qarşı göstərdiyimiz oyunu göstərsək, Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik.
Premyer Liqada rəqabət artıb. Ümumiyyətlə, bu, futbolçu seçimində işinizə necə təsir edir?
- Çempionat inkişaf edirsə, bizim üçün yaxşıdır. Legionerlər gəlir. Onlar nə qədər çox gəlirsə, bizimkilərin oynamaq şansı azalır. Ən yaxşılarını seçməliyik. Beynimdə tutduğum qrupu, komandanı çox dəyişmək istəmirəm. Balanslı komanda qurmaq istəyiriksə, eyni qrupla davam etməliyik.