Diniyev şüşəni qırdı, azarkeşlər söyüş söydü: "Zirə" 6800 manat ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, bu gün keçirilən iclasda “Zirə”, “Kəpəz”, "Səbail", “Şamaxı” və “Neftçi” klubları cərimələniblər.
Premyer Liqanın X turunun “Şamaxı” – “Qəbələ” oyununda meydan sahiblərinin 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub.
X turun digər matçı - “Sabah” - “Zirə” oyununda isə qonaqların 91 nömrəli futbolçusu Coşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 200 manat cərimələnib. Coşqun Diniyev həmin oyunun 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün əlavə 1 matç cəza ilə üzləşib və klub buna görə 2400 manat ödəyəcək. Qərara əsasən, stadiondakı əmlaka dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək. “Zirə” klubunun cəzası bununla bitməyib. “Qartallar” azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə daha 4000 manat məbləğində cərimə ödəcəyək. Sözügedən matçda oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə isə “Sabah” klubu 1600 manat ziyana düşüb.
X turun “Kəpəz” – “Neftçi” oyununda da bir sıra qanun pozuntluarı olub. Yanğına qarşı yanğın mühafizə xidməti əməkdaşının qarşılaşmaya gecikməsinə görə “Kəpəz” 400 manat məbləğində cərimələnib. Həmin görüşdə əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə Gəncə təmsilçisi daha 800 manat məbləğində cərimə ödəyəcək. Sözügedən matçda “Kəpəz”in futbolçusu Zamiq Əliyev 62-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. “Neftçi” isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat ziyana düşüb.
X turun “Turan Tovuz” – “Səbail” oyununda matçın gedişində “Səbail” klubunun fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə klub 800 manat məbləğində cərimələnib.