Dünya güləş tarixinə düşmüş Stadnik karyerasını başa vurdu!
Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.
Mediasport.az xəbər verir ki, Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi sosial şəbəkə hesabında qərarını açıqlayıb:
"Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".
Azərbaycan Güləş Federasiyası dünyanın bir çox ölkəsində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir olan Stadnikə ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla, bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə təşəkkür edib.