Vitali Borisov xorvatlara 2:9 hesablı məğlubiyyəti şərh etdi: "Uşaqlara çox iradım yoxdur"
“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis Avropa çempionatının əsas mərhələsinin Xorvatiya ilə V qrup matçı haqqında fikirlərini bölüşüb.
O, komandamızın 2:9 hesablı məğlubiyyətini belə şərh edib:
"İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir.
Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.