"Fənərbağça" arzusu ilə yaşayan "Qarabağ"ın gənc üzvü kimdir?
“Ən böyük arzularımdan biri məhz "Qarabağ"da oyuna çıxmaq idi”.
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın 19 yaşlı qapıçısı Sadiq Məmmədzadə deyib.
Gənc futbolçu Peşəkar Futbol Liqasının 2 Fevral - Gənclər Günü ilə bağlı videolayihəsinə açıqlam verib.
Qolkiper əvvəlcə "Qarabağ"da ilk dəfə rəsmi oyunda meydana çıxmasından danışıb:
"Kəpəz"lə matçdan əvvəl klubdan mənə dedilər ki, əsas heyətdə oyuna çıxacaqsan. Buna çox sevindim. Sevincimdən gecə yata bilmirdim. Çünki "Qarabağ" kimi böyük bir klubda oyuna çıxmaq ən böyük arzum idi. Meydana çıxanda həyəcan var idi. Amma bu, yaxşı həyəcan idi".
"Fənərbağça"da forma geyinmək arzusunda olduğunu deyən Məmmədzadə futbola başlayarkən meydan oyunçusu olduğunu qeyd edib:
"O vaxt "Neftçi" İdman Klubunda oynayırdım. Bir dəfə qapıçımız yox idi və mən qapıya keçmək istədim. Bundan sonra qapıdakı oyunumu bəyəndilər və davamı gəldi. Özüm də gəncəm. Özümdən yaşda kiçik qapıçılara da demək istəyirəm ki, hər zaman qarşılarına bir məqsəd qoysunlar və onun ardınca getsinlər.
İstəyərəm ki, sözügedən qapıçılardan olum. Həm Azərbaycanda, həm də Avropada. Məqsədlərimdən biri Avropada oynamaqdır. Mən "Fənərbağça" fanatıyam. Ən böyük arzularımdan biri də odur ki, "Fənərbağça"da çıxış edim".