Hidayət Heydərov 2024-cü il üçün dünyanın ən yaxşı cüdoçusu seçildi
Azərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.
Mediasport.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Riçard Trautman isə ən yaxşı məşqçi seçilib.
73 kq çəki dərəcəsində zirvə ilini yaşamış Heydərov sevincini bölüşüb:
“Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.
Xatırladaq ki, o, 2024-cü ildə Olimpiya çempionluğu ilə yanaşı, dünya və Avropa çempionu da olub.
Riçard Trautman da Beynəlxalq Cüdo Federasiyasına, onu bu ada layiq görənlərə təşəkkür edib:
“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.