"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük" - Abasov püşk haqda
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun püşkünü dəyərləndirib.
Mediasport.az xəbər verir ki, klub saytına açıqlama verən təcrübəli mütəxəssis kubok matçlarının fərqli atmosferdə oynanıldığını deyib.
"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu II Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik, ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma Kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq" - deyə, Abasov bildirib.
Qeyd edək ki, yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq "gənclik şəhəri" təmsilçisi bu mərhələdə "Füzuli" - "Lerik" cütünün qalibi ilə üz-üzə gələcək.