EKSKLÜZİV! "Kəpəz" Premyer Liqada olmayacaq, əvəzinə bu klub gətirilir
Mövsüm başa çatar-çatmaz bütün klublarda qarşıdakı sezonun planları götür-qoy edilir, artıq hazırlıqlara başlanılıb, "Kəpəz" istisna.
Heyətin yarıdan çoxu ilə vidalaşan Gəncə təmsilçisi Premyer Liqada yerini qorusa da, infrastruktur problemləri və ümumən klubda rəhbər-məşqçi-futbolçu səviyyəsində yaşanan qeyri-müəyyənlik bəzi şübhələr yaradıb. Əsassız da deyilmiş.
mediasport.az saytına çox maraqlı informasiya daxil olub. AFFA-dan əldə etdiyimiz məlumata görə, federasiya, Gəncə şəhər və klub rəhbərliyi arasında yuxarı səviyyədə məsləhətləşmələr aparılıb və ilkin olaraq belə qərara alınıb ki, "Kəpəz" gələn mövsüm Birinci Divizionda çıxış etsin. İnfrastruktur problemi tam həll edildikdən sonra komandanın Premyer Liqaya növbədənkənar buraxılması razılaşdırılıb. Yəni, 2024/2025-ci illər mövsümündə. Üçtərəfli qaydada ilkin razılıq budur.
Gəncə klubunun yerinə hansı komandanın Premyer Liqaya buraxılması da söz üzərindən həllini tapıb. Bu, bütün infrastruktura və imkanlara malik "Zaqatala"dır. Klub rəhbəri Musa Qurbanovun illərdir verdiyi "Premyer Liqada çıxış etməyə tam hazırıq" mesajı AFFA rəhbərliyini onlardan yana düşünməyə məcbur edib.
Qeyd etdiyimiz kimi, bugünlərdə keçirilməsi böyük səbirsizliklə gözlənilən AFFA İcraiyyə Komitəsinin iclasında fövqəladə qərarlar çıxarılmasa, hadisələr vurğuladımız istiqamətdə təşəkkül tapacaq.