"İnanmasaydım, çoxdan "silahı" qoyub gedərdim" - Elmar Baxşıyev
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Mediasport.az saytının suallarını cavablandırıb.
Mövsümün əvvəlində "Qəbələ"nin qarşısına hansı vəzifə-hansı məqsəd qoyulmuşdu?
- Mövsümün əvvəlindəki planımız mümkün qədər yaxşı komanda qurmaq idi. Çünki kollektiv, demək olar ki, dağıldı və komandanı yenidən formalaşdırmaq təbii ki, daha çətindir. Hədəfimiz mümkün qədər yuxarı pillələri tutmaq və alınarsa, yenə də avrokuboklarda mübarizə aparmaq idi.
Komandanın qış fasiləsinə bu vəziyyətdə yollanacağını təsəvvür edirdiz?
- Əlbəttə ki, belə təsəvvür eləmirdik. Dəqiq iddia eləmirdik ki, çox yuxarı yerlər üçün oynayacağıq. Amma bununla belə, sonuncu pillədə olmağı da təsəvvür eləmirdik. Bunu düşünmürdük də.
Yayda heyətə yetərincə keyfiyyətli və səviyyəli legionerlər cəlb olundu. Tez də adaptasiya oldular. "Qəbələ"də nə baş verdi ki, avrokuboklardan qayıdan komanda birdən-birə autsayderlər sırasına düşdü?
- Həm obyektiv, həm də subyektiv səbəblər oldu. Avrokubokda cavab matçında yaxşı oynaya bilmədik. Həmin oyunun yorğunluğu, psixoloji gərginliyi ilə heç 48 saat tamam olmadan ilk çempionat oyununa çıxdıq və ağır zərbə aldıq. Bundan sonra toparlanmaq da müəyyən qədər vaxt apardı. Bir neçə oyun oldu ki, yaxşı oynamağımıza baxmayaraq, qələbə qazana bilmədik. Bu da futbolçulara növbəti psixoloji gərginlik gətirdi və ardınca eyni xətdə zədələr, cəzalar başladı. Orta xətt oyunçularımızın əksəriyyətini eyni anda itirdik. Bu da oyun planına mənfi təsir göstərdi. Ardıcıl, gözlənilməz xallar itirdik. Komanda da inamı, demək olar ki, itirdi. Yaxşı ki, son oyunda müəyyən qədər toparlana bildik. Bilirəm ki, komandanın potensialı var. Sadəcə, sadaladığım bu səbəblər işimizə mane oldu.
Yanvardan etibarən sizi çətin dönəm gözləyir, "Qəbələ"ni Premyer Liqada saxlaya biləcəksiz?
- Əgər komandanı Premyer Liqada saxlayacağıma inanmasaydım, çoxdan "silahı" qoyub çıxıb gedərdim. İnanıram ki, bu vəzifənin öhdəsindən gələcəyik, hətta daha yuxarı pillələrə qalxa biləcəyik.
Yəqin ki, qış fasiləsində heyətə əl gəzdirmək istəyirsiz. Rəhbərliklə bununla bağlı danışığınız olub, razılıq almısız?
- Bəli, bu barədə mütəmadi söhbətlərimiz gedir. Rəhbərliklə danışırıq, ortaq fikirdəyik. Çalışacağıq ki, komandaya müsbət təsir göstərən dəyişikliklər olsun. Burada da bir neçə vacib amil var. Həm klubun büdcəsi məsələsi, həm də qış transfer dönəmində yaxşı futbolçu tapmaq məsələsi. Ümumən, yaxşı nəsə etməyə çalışacağıq.
"Qəbələ"ni 1-ci Liqada necə təsəvvür etmək olar?
- Açığı, mən komandanı birinci liqada təsəvvür eləmirəm. Hazırda minimum vəzifə Premyer Liqada qalmaqdır və inanıram ki, bunun öhdəsindən gələcəyik.
Elvin