Emin Mahmudov Rusiya mətbuatına: "Hansı klubunuz Avropa Liqasında "Qarabağ" səviyyəsində oynayıb ki?”
2017-ci ildən "Neftçi"də çıxış edən Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib.
mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı maraqlı açıqlamaları ilə diqqəti çəkib.
Milli komandamızın yarımmüdafəçisi xüsusilə “Qarabağ” haqqında xoş fikirlər səsləndirib: “Onlar Avropada “Ferensvaroş” və “Olimpiakos”u asanlıqla məğlub edib. “Frayburq” son dəqiqələrə qədər müdafiə olunurdu. “Qarabağ” rəqiblərini öz istədiyi kimi oynamağa - topsuz qaçmağa vadar edir. “Zenit” gəlsə, onu da məcbur edər. “Qarabağ” Rusiya çempionatında 100 faiz çempionluq üçün mübarizə aparardı. Bunu ciddi deyirəm. Rusiyanın hansı klubu Avropa Liqasında onlar səviyyəsində oynayıb ki?”.
Mahmudov Ağdam təmsilçisinin avrokuboklardakı uğurunu Rusiya klublarının nəticələrindən üstün saydığını deyib: “Rusiya klubları bir iki oyun udur, qrupu keçir və bayramdır. Konfrans Liqasında iki komanda keçə də bilmədi. “Qarabağ” hər il son raunda qədər irəliləyir. Bu il onlar Polşa çempionunu 5:1, İsveçrə çempionunu 3:2, Macarıstan çempionunu səfərdə 3:1 hesabı ilə məğlub etdilər. Əgər onlar böyük klubun forması ilə meydana çıxsalar, insanlar fərqi hiss etməz. Onların sponsoru ərzaq malları ilə məşğul olan Türkiyə holdinqidir”.
Yarımmüdafiəçi Azərbaycanın digər klublarının maliyyə vəziyyəti haqda da danışıb: “Neft şirkəti SOCAR hamıya kömək edir. Onlar federasiyaya pul verir və qurum bunu çempionat iştirakçıları arasında bölüşdürür. Yalnız “Qarabağ”la Murad Musayevin çalışdığı “Sabah” özəl klublardır”.
30 yaşlı futbolçu Aərbaycanla Rusiya klublarında verilən məvacibləri müqayisə edib: “Qarabağ”, “Neftçi” və “Sabah”da böyük maaşlar var. Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində olduğu kimi. Kiçik klublarda əməkhaqqı isə FNL-dəki kimidir. “Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar”.
O, əvvəlki klubları ilə hazırkı komandasında əmək haqqını da müqayisə edib: “Neftçi”də aldığım maaş əvvəlki klublarımdan azdır. Rusiyada hətta “Saturn”un birinci komandasında olarkən buradakından çox alırdım. Buraya əvəzedicilərdən gələndə 3 min dollar qazanırdım. Ancaq sonra maaşı qaldırdılar, əsas komandanın stabil oyunçularından birinə çevrildim. Üstəlik, başqa klublar da məni almaq istəyirdilər”.
Rusiya doğumlu Emin biznesi və gələcək həyatı üçün qazanc yeri haqda suala belə cavab verib: “Mənzil, ev üçün pul yığmağa başladım. Mən pulu elə şeylərə xərcləyirdim ki, karyeramdan sonra üçün nə isə qalsın. Qardaşımla birlikdə Moskva vilayətində icarəyə vermək üçün bir-iki yer almışıq. Bu da ucuz deyil, hər maaşla almaq olmur. Topladıq və bir müddətdən sonra aldıq. İndi də həmin yerləri icarəyə vermişik”.