Qurban Qurbanov: "Futbolçuları başa düşürəm, istər-istəməz gərginlik var idi"
"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın "Helsinki" klubunu 2:1 hesabı ilə məğlub edib.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik etmək istəyirəm. Çox gərgin oyun oldu. Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qalibiyyət idi. Azarkeşlərə təşəkkür edirəm.
Oyun başa çatandan sonra üzünüzdə təbəssüm görmədik. Eyni zamanda statistikaya əsasən, rəqibin qapıya 7 zərbəsi oldu, hamısı da dəqiq. Bəlkə bu məqam oyunqabağı sizi düşündürür?
- Düzünü desəm, saymadım. Əsas öz qol epizodlarımız idi. İstifadə edə bilmədiyimiz yüz faizli fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Özünüz bilirsiz, işin içindəsiz. Düşünürəm ki, cavab oyununda tam əksi olar. Daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik. Üzümüz həmişə gülür, problem yoxdur (gülümsəyir)
Bu qələbə pley-off şanslarını nə qədər artırdı?
- Qələbə hər bir halda üstünlükdür. Hər qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Bir az üstünlüyümüz var.
"Helsinki" haqqında ikinci "Rakuv" demişdiniz. Bu gün bunu görə bildiniz, yoxsa rəqib daha güclü çıxdı?
- Güclü, zəif deyə bilmərəm. Ümumi oyun modeli olaraq çox bənzəyirdilər. Yeri gəlmişkən, "Sabah"ı da təbrik edirəm. İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edərək ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar.
Bir müddətdən sonra doğma stadiona qayıtdız. Ot örtüyü necə idi?
- Dünən ota baxan şəxslə bir az söhbətim olmuşdu, bəzi şeyləri demişdim. Ümumən yaxşı idi.