"Guya, yeni tikilən evə köçəndə hər şey mükəmməl olur?" - DİREKTOR
“Düzdür, çatışmazlıqların olmadığını demirəm. Kiçik problemlər var ki, onlar da tezliklə aradan qaldırılacaq. Guya, yeni tikilən evə köçəndə hər şey mükəmməl olur?".
Mediasport.az xəbər verir ki, bu sözləri "Futbol+" qəzetinə açıqlamasında bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin baş çəkərək açılışını etdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev deyib.
O, mətbuatda arenada xeyli çatışmazlığın olması ilə bağlı yayılan iddialara münasibət bildirib:
"İddialar həqiqəti əks etdirmir. Arenada demək olar ki, hər şey qaydasındadır. Xırda çatışmazlıqlar var. Təzə evə köçəndə də mütləq bəzi yerlərə “əl gəzdirməli” olursan. Turniketlər gəlib və yaxın vaxtlarda quraşdırılacaq. Ümumiyyətlə, bütün işlər layihə üzrə aparılıb. Stadionda oyun keçirmək mümkündür. Təmtəraqlı açılış mərasiminin niyə olmadığını soruşanlar var. Çünki buna ehtiyac yoxdu. Cənab prezident İlham Əliyev bir də onun üçün gələsi deyil ki...Gəldi və bir neçə müəssisənin açılışında iştirak etdi ki, stadion da buna daxildir”.
N.Quliyev stadionun “Sumqayıt”a verilməsi baxımından İcra Hakimiyyəti tərəfindən problemlər yaradılması iddialarına isə belə reaksiya verib:
“Elə şey yoxdur. “Sumqayıt”dan başqa kimə verilməlidir ki? Klub sabah avrokuboklara vəsiqə qazansa, Masazırda oynayası deyil ki...Bildiyimə görə, danışıqlar gedir. İnşallah, tərəflər tezliklə anlaşacaq. Biz “Sumqayıt”ın ev oyunlarını burada keçirməsinin əleyhinə deyilik. Maksimum istəyirik ki, kluba kömək edək. Yalan informasiyalarla futbolumuzun inkişafı üçün çalışan şəxsləri və görülən işləri pisləmək düzgün deyil. Klub rəhbərliyi ilə bütün detalları müzakirə edib ortaq nöqtəyə gələcəyimizə inanırıq”.