Juninyo "Qarabağ"da tarixə düşdü, Kvaratsxeliyanın rekorduna çatdı
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə cavab matçında 3 qol vuran "Qarabağ"ın hücumçusu Olavio Juninyo Azərbaycan futbolu tarixinə düşüb.
Mediasport.az xəbər verir ki, braziliyalı forvard təmsilçilərimizin heyətində bu turnirdə het-trik edən ikinci futbolçu olub.
"Sambaçı"yadək bu uğura yalnız Badri Kvaratsxeliya imza atmışdı.
Vaxtilə "Şəmkir"in heyətində oynamış gürcüstanlı hücumçu 2000-2001-ci illər mövsümündə ÇL-in 1-ci təsnifat mərhələsində “Skonto” (Latviya) ilə Bakıda baş tutmuş qarşılaşmada 3 qol vurmuşdu.
Badri 2000-ci il iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşün 3, 90 və 100-cü dəqiqələrdə fərqlənmişdi - 4:1.
Xatırladaq ki, Juninyo bu mövsüm ÇL-də 4 qolla yadda qalıb. O, "Linkoln"la səfər matçında da fərqlənmişdi.