"Hədəfimiz dünya çempionatının final mərhələsinə çıxmaqdır"
“Rəhbərlik mənə güvənib dəvət etdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Doğma Vətənimdə çalışacağım üçün çox xoşbəxtəm”.
Mediasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Sahib Məmmədov deyib.
Mütəxəssis yığmamızın uğurlu çıxışı üçün əlindən gələni edəcəyini vurğulayıb:
“2008-2014-cü illər aralığında çimərlik futbolu üzrə milli komandamızın formasını geyinmişəm. Ardından iki il Türkiyədə çıxış etdikdən sonra 2016-cı ildən bu ilə qədər Litvada yaşamışam. 2018-ci ildə futbolçu karyeramı başa vurmuşam, 2019-cu ildən bu ilin mayına qədər isə Litva millisində baş məşqçi kimi çalışmışam. Ötən il Avropanın B divizionunun qalibi olduq və Litva yığması tarixində ilk dəfə A divizionuna yüksəldi. Türkiyə və Litvada kifayət qədər təcrübə toplamışam”.
Baş məşqçi Bakıda çimərlik futbolunun inkişafı üçün hər cür şəraitin olduğunu sözlərinə əlavə edib:
“Bakıda çimərlik futbolu üçün çox gözəl meydança var. Su İdmanı Sarayında yaradılan şərait dünyanın heç yerində yoxdur. Hava durumu da burada hazırlıq keçməyə imkan verir. Təkcə yayda yox, qışda da məşq etmək mümkündür. Çimərlik futbolunun inkişafı üçün ölkə çempionatı keçirilsə, çox yaxşı olar. Belə olarsa, milliyə seçim imkanı da geniş olar. Bundan əlavə, beynəlxalq turnirlərə qatılmaq futbolçuların təcrübəsini artırar. Nə qədər çox oyun olsa, inkişaf bir o qədər sürətli gedər”.
Sahib Məmmədov milli ilə bağlı gələcək planlarını və hədəflərini də açıqlayıb:
“Avqustun 1-də məşqlərə başlayacağıq. 12 oyunçuya dəvət göndərmişəm. Onların hamısının kifayət qədər təcrübəsi var. Bu heyətlə iki il davam etmək olar. Ancaq məqsədim bir il ərzində ən azı 5-6 gənc oyunçu yetişdirib milliyə cəlb etməkdir. Oktyabrda İspaniyada dünya çempionatının seçmə mərhələsi keçiriləcək. Hədəfimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Çimərlik futbolu üzrə millimiz indiyə qədər heç vaxt mundialda iştirak etməyib. İki ildən bir seçmə mərhələ keçirilir. Vaxtımız az olsa da, bu tarixi yazmaq üçün əlimizdən gələni edəcəyik. Gələn il isə Avropanın B divizionunda mübarizə aparacağıq. B divizionunun çempionu kimi A divizionuna qayıtmaq istəyirik”.
Qeyd edək ki, Sahib Məmmədovla müqavilə müddəti 1 il nəzərdə tutulub.