"Malmö"nün baş məşqçisi İDDİALI danışdı: "Sabah hər şeyi görəcəyik"

 "Malmö"nün baş məşqçisi İDDİALI danışdı: "Sabah hər şeyi görəcəyik"

Mediasport.az UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində sabah Bakıda baş tutacaq "Qarabağ" - "Malmö" oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edən İsveç klubunun baş məşqçisi Hendrik Ridströmün açıqlamalarını təqdim edir:


"Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmur? Rəqibiniz "Yefle", "Göteborq", "Hekken" kimi klubları məğlub edə bilib.

- Xeyr, qorxutmur, statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

Sabahkı oyundan gözləntiləriniz nədir? Məğlub olsanız, bunu faciə hesab edəcəksiniz?

- "Qarabağ"ı analiz etmişik. Rəqibimiz çox güclü komandadır. Onlar Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə də evdə yaxşı oynayırlar. "Qarabağ" topa sahib olanda təhlükəlidir. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa, yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

Çox rahat görünürsüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?

- Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, "Qarbaağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdürlər. "Qarabağ" bundan əvvəlki rəqibimiz "Reyncers"dən geri qalmır. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdir?

- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da vacibdir. 

"Qarabağ"ın əvvəlki oyunlarını izləməyə köməkçilərinizi göndərmisiz?

- Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"a öz liqasında və avrokuboklarda baxaq, analiz edək.

Azərbaycanda mütəxəssislər "Malmö"yə üç xal gözü ilə baxır. Qurban Qurbanov da bunun komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədir? 

- Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

"Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədi?

- Mən və futbolçularım həyəcanlandırdılar. Amma komanda rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi(gülür). 

Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb.

- Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə sabahkı matça hazır olmalıyıq.

Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?

- Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. İsak komanda üçün vacib oyunçudur.

O, ölkə çempionatında bombardirdir, amma avrokuboklarda 7 oyunda qol vurmayıb. Bunu nə ilə izah edərdiniz?

- Avroliqa və təsnifat mərhələsinin oyunları yüksək səviyyədədir. Müəyyən mənada çətinliklərlə üz-üzə qaldıq. Futbol kollektiv oyundur. Çalışırıq ki, inkişaf edək.