"Hiss edirdim ki, mənə bu sual veriləcək" - Elvin Cəfərquliyev

"Hiss edirdim ki, mənə bu sual veriləcək" - Elvin Cəfərquliyev

"Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsınız. "Qarabağ"ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Müdafiəçi UEFA Avropa Liqasının FKSB (Rumıniya) ilə 7-ci tur matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Cəfərquliyev oyuna yaxşı hazırlaşdıqlarını deyib:

"Rəqibi tanıyırıq, məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq. Özümü oyuna, əlbəttə ki, hazır hiss edirəm. Ümumən hazırlığımız çox yaxşı keçib. Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oynayaram. Komandam üçün əlimdən gələni edəcəm".

Ağdam klubunun heyətində avrokuboklarda daha çox qırmızı vərəqə alan 24 yaşlı futbolçu sabahkı hakimin sərt idarəçi olmasına belə münasibət bildirib:

"Hiss edirdim ki, mənə bu sual veriləcək. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram".

Xatırladaq ki, "Qarabağ" - FKSB qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:45-də start götürəcək.