"Əvvəlcədən deyilənlərlə sonradan edilən söhbətlər arasında bağlılıq yox idi" - Təkkə AFFA-ya söz atdı
Bir neçə gündür Türkiyə və Azərbaycan mətbuatında türkiyəli mütəxəssis Fatih Təkkənin AFFA-da təsis olunacaq Futbol direktoru vəzifəsini tutacağı ilə bağlı xəbərlər dolaşır.
Mediasport.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məsələ ilə bağlı "Futbol+" qəzetinə açıqlamasında xəbəri təkzib edib.
O, hansısa təyinatdan söhbət getmədiyini deyib.
Qəzet məsələnin ciddiliyini nəzərə alaraq Fatih Təkkənin də fikirərini öyrənib:
“Bəli, bir neçə gün əvvəl AFFA rəhbərliyinin dəvəti ilə Bakıda olduq. Həmin şəxslərlə müəyyən görüşlər keçirildi. Hər şey yaxşı keçdi. Bakıya ilk səfərim idi. Qardaş ölkədə olmaq mənim üçün önəmli hadisədi. Azərbaycan futboluyla bağlı informasiya topladıq, üstün tərəflərini və çatışmazlıqlarını öyrəndik. Düzü, bizdən konkret nə istədiklərini anlaya bilmədik.
Hər halda ziyarətimiz çox yaxşı keçdi. Bakıya səfərimin səbəbi Azərbaycan futboluna necə fayda verə biləcəyimlə bağlı idi. Düzü, bu yöndə gözləntilərimiz qarşılanmadı.
Əvvəlcədən deyilənlərlə sonradan edilən söhbətlər arasında bağlılıq yox idi. Sadəcə, maraqlı söhbət etmiş olduq. Sonda ortaya nəsə çıxmadı. Bir neçə gündən sonra mənimlə əlaqə saxlayacaqlarını demişdilər. Hələ ki xəbər yoxdu.
Üç-dörd gündü Türkiyədəyəm. Qardaş ölkədə futbolun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq”.