"Neftçi"nin gələcəyi" İtaliya klubu ilə müqavilə bağladı - VİDEO
“Neftçi”nin aşağı yaş komandalarında yetişmiş Lorenso Mezzotero İtaliyanın “Sampdoriya” klubu ilə peşəkar müqavilə bağlayıb.
Mediasport.az xəbər verir ki, vaxtilə "ağ-qaralar"ın aşağı yaş komandalarının heyətində dəfələrlə bombardir olmuş italyan hücumçu Genuya klubunun U-19 komandasında forma geyinəcək.
Xatırladaq ki, 17 yaşlı futbolçunun atası Serjio Mezzotero birvaxtlar SOCAR-da işlədiyi üçün ailəsi ilə Azərbaycana köçmüşdü. Lorensonun futbolda ilk addımlarını "Neftçi"də atması buna görə idi. O, demək olar ki, klubun akademiyasında böyüyüb və yetişib.
Atasının Azərbaycanda fəaliyyəti yekunlaşdıqdan sonra ailə 2020-ci ildə vətəninə qayıdıb.
Yadınızdadırsa, "Neftçi" 2019-cu ildə onun haqqında "Neftçi"nin gələcəyi" adlı videoreportaj da hazırlaşmışdı.