"II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin"
“Bu mövsüm çox tənqid olunacağıq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Bütün bunlara hazırlıqlı olmalıyıq”.
MediaSport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatması zamanı deyib.
Qurum rəsmisi bildirib ki, idman prinsiplərinin qorunması onları sevindirib: “Hər dəfə çalışırıq ki, ötən mövsümdən daha yaxşı yarış keçirək. Sevindirici məqam ötən mövsüm idman prinsiplərinin qorunması idi. I Diviziona düşən komanda olmasaydı, çempionatın marağı qalmayacaqdı. İdman mübarizəsinin olması oyunçular üçün də əladır. Hər dəfə idman prinsiplərinin qorunmasını istəyirik”.
Şahgəldiyev Premyer Liqaya qayıdan “Araz-Naxçıvan"ın infrastrukturla bağlı problemlərinin olduğunu gizlətməyib: “Görünən odur ki, bu problem qarşıdakı mövsüm də davam edəcək. Stadionların normal olması üçün əlimizdən gələni edəcəyik”.
O, legioner rüsumu ilə bağlı klublara güzəşt edilməyəcəyini vurğulayıb: “Əgər əlavə məbləğ ödəmək istəmirlərsə, yerli oyunçulara üz tutsunlar”.