"Azərbaycan millisi ilə oyuna yüksək motivasiya ilə çıxacağıq”
“Təəssüf ki, qrupdan çıxmaq şansımız qalmayıb. Buna baxmayaraq, Azərbaycan millisi ilə oyuna yüksək motivasiya ilə çıxacağıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə İsveç millisinin kapitanı Viktor Lindelöf AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
2017-ci ildən İngiltərə nəhəngi "Mançester Yunayted”da oynayan müdafiəçi əsas məqsədlərinin yaxşı oyun nümayiş etdirmək olduğunu vurğulayıb: “Rəqibə çətin anlar yaşatmaq istəyirik. Öz meydanımızda oynamayacağıq. Təbii ki, bu, qarşı tərəf üçün üstünlükdür. Tribunalardakı azarkeşlərin çoxu sabah Azərbaycan millisini dəstəkləyəcək. Düşünürəm ki, bu, bizim üçün problem olmayacaq”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan-İsveç görüşü saat 21:00-da start götürəcək.