AFFA "Şamaxı" və "İmişli"yə Premyer Liqa üçün lisenziya verdi

AFFA "Şamaxı" və "İmişli"yə Premyer Liqa üçün lisenziya verdi

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında, I-ci Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul edilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün "İmişli" və "Şamaxı"ya lisenziya verilib, “İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” lisenziya ala bilməyiblər.

I-ci Liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı”, “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan”, “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar” və “Zaqatala” lisenziya alıb. “Ağdaş”, “Dinamo” (Bakı), “Göygöl”, “İrəvan”, "Lerik", “Sheki City”, “Şəfa” və “Şəmkir” buna nail olmayıb.

Yüksək Qızlar Liqasında iştirak etmək üçün “Baku Juniors” və “Balxurma Balakən" lisenziyaya sahib çıxıb. “Balxurma Balakən" növbəti mövsümdən etibarən "Dirçəliş" adı ilə çıxış edəcək.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.