Cavid Hüseynovdan vida paylaşımı
"Turan Tovuz"la müqaviləsinə qarşılıqlı xitam verən məşqçi Cavid Hüseynov rəsmi sosial şəbəkə hesabında vida paylaşımı edib.
Mediasport.az xəbər verir ki, gənc mütəxəssis qərb təmsilçisi ilə yollarının ayrılması haqda bunları yazıb:
"Hər zaman işin ən çətin tərəfi sənin üçün doğmalaşan, əziz olan yerdən gedərkən sağollaşmaqdır. Çünki belə anlarda müxtəlif hisslər insana hakim kəsilir. Geridə qalan müddətdə dünyanın ən nüfuzlu və təcrübəli baş məşqçilərindən olan Kurban Berdiyevin yanında qazandığım əvəzsiz təcrübə məşqçilik karyeramın yeni dönəmində çox böyük üstünlük olacaq. Kurban müəllimə və "Turan Tovuz” rəhbərliyinə, başda prezident Ehtiram Quliyev, Səməd Nəsibov olmaqla bütöv "Turan" ailəsinə isti, ailəvi münasibətə görə sonsuz təşəkkürümü bildirirəm. Bundan başqa, istər futbolçu, istərsə də məşqçilik karyeramda gördüyüm ən çılğın, sədaqətli azarkeş qrupundan olan Tovuz fanatlarına dərin minnətdarlığımı çatdırıram. "Turan Tovuz” komandasına bundan sonra da böyük uğur və müvəffəqiyyət arzulayıram. Sizi heç zaman unutmayacam".
Cavid Hüseynov "Turan Tovuz"da baş məşqçi Kurban Berdıyevin köməkçisi vəzifəsini icra edirdi. O, qərb təmsilçisinə yayda 2-ci Liqa klubu "Cəbrayıl"dan keçmişdi.
Xatırladaq ki, gənc mütəxəssisin "Səbail"ə baş məşqçi təyinatı gözlənilir.