"Kəpəz" sıfırdan yığılacaq? - Bu futbolçular da klub axtarışına çıxdılar
Əksər klublarımız yay transfer dönəminə start versələr də, "Kəpəz"də durğunluq hökmü sürür. Gəncə təmsilçisi heyətini gücləndirməsi bir yana, artıq bir neçə aparıcı futbolçusunu da düşərgədə saxlaya bilməyib.
Komandanın kapitanı Yusif Nəbiyevlə yanaşı, Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev (icarə müddəti bitdiyi üçün "Qarabağ"a geri dönüb-red.), Samir Məhərrəmli və Fərid Nəbiyev "Kəpəz"i tərk edib. Ahmed Ayzayanın "Zirə"yə geri dönəcəyi deyilirsə, Abdullahi Şuaybunun da "Səbail"ə keçmək ehtimalı var.
Baş məşqçi ilə də bağlı konkret bir qərara gəlməyən rəhbərlik, belə getsə, komandanı sıfırdan yığmalı olacaq. Çünki Gəncə klubundan getmək istəyən futbolçular çoxdur.
Konkretləşdirsək, mediasport.az saytının əldə etdiyi məlumata görə, əsas heyətin daha 2 üzvü - Giorgi Kantariya və Mate Kvirkiya artıq bir müddətdir özlərinə klub axtarır.
Gürcüstanlı futbolçular agentləri vasitəsilə Premyer Liqamızın bir neçə klubuna təklif ediliblər. Yalnız "Sumqayıt"ın onların xidmətinə maraq göstərdiyi deyilir. Lakin "kimyaçılar"ın baş məşqçisi Samir Abasov gürcülərin keçidini ikinci dərəcəli saydığı üçün gözləmə mövqeyi tutub. Daha yaxşı və sərfli qiymətə alternativ olmasa, Kvirkviya ilə Mateni "gənclik şəhəri" təmsilçisinin heyətində görə bilərik.