"Kəpəz"i Qəbələdən çıxardılar - "Neftçi" ilə oyunun yeri dəqiqləşib

"Kəpəz"i Qəbələdən çıxardılar - "Neftçi" ilə oyunun yeri dəqiqləşib

Qış fasiləsindən sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirən "Kəpəz" bölgə təmsilçisinin arenasından yararlana bilməyəcək.

"Qəbələ" klubu meydanın ot örtüyünün yüklənməsini əsas gətirərək Gəncə təmsilçisinə özünə stadion tapmağı məsləhət görüb.

Gəncə şəhər stadionunda da təmir-tikinti işlərinin aparıldığını nəzərə alsaq, "Kəpəz"in növbəti ev matçlarını harada keçirəcəyi sual doğurur.

Əldə etdiyimiz məlumata görə, qərblilər növbəti dəfə Tovuza üz tutublar.

Lakin mövsümün əvvəlini burada keçirmiş Adil Şükürovun komandası qonşu rayon stadionunun xidmətindən də yalnız 1 oyunluq istifadə edəcək.

İlkin razılaşmaya əsasən, "göylər"in martın 8-də 26-cı tur çərçivəsində "Neftçi" ilə ev qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq. Sonrası ilə hələlik məlum deyil.

Gəncə klubu arena axtarışlarını davam etdirir.

Mediasport.az